MN: Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən on qat artıqdır

MN: Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən on qat artıqdır
# 18 may 2016 11:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Nəhayət ki, Ermənistan rəhbərliyi aprel ayının əvvəllərində işğal olunmuş ərazilərdə Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini rəsmən təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycanın Silahlı Qüvvələri Ağdərə rayonu (keçmiş DQMV), eləcə də Füzuli və Cəbrayıl rayonları ərazilərində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib: "Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də tərəfimizdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib".

Nazirlik bildirir ki, erməni tərəfindən fərqli olaraq Azərbaycanın Silahlı Qüvvələri qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsi istiqamətində heç bir addım atmır, yalnız adekvat tədbirlər görməyə məcbur qalır. Bundan sonra da düşmən tərəfinin heç bir təxribatı cavabsız qalmayacaq.

Ermənistanın aprelin əvvəllərində keçirilən əməliyyatlarda hər iki tərəfin itkiləri barədə yaydığı rəqəmlər də həqiqəti əks etdirmir. Əslində Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən təqribən on qat artıqdır.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR