Naxçıvanda əlilliyin qiymətləndirilməsi proseduru müəyyənləşib

Naxçıvanda əlilliyin qiymətləndirilməsi proseduru müəyyənləşib
# 04 mart 2016 12:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”ni təsdiq edib.

APA-nın məlumatına görə, Əsasnaməyə əsasən Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

TSEK Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmət, 1990-cı ilin yanvar hadisələri, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirmək, hərbi əməliyyatlar keçirilən zonada olmaqla və keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Şəxslərin TSEK-də müayinəsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. Göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 ay müddətində qüvvədə olur.

Şəxsin TSEK-ə gəlmək imkanının olmaması (şəxsin hərəkət imkanının məhdud olması və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə alan yataq xəstəsi olduqda) statusu yalnız göndərişdə əks edilən həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən “Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi” (TSERAS) tərəfindən müəyyənləşdirilir. Şəxs TSEK tərəfindən 1 iş günü müddətində müayinə olunur. TSEK-ə gəlmək imkanının olmaması barədə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən şəxsin müayinəsi səyyar qaydada evdə və ya müalicə olunduğu səhiyyə müəssisəsində 1 iş günü müddətində aparılır. Qəbul edilmiş qərar və müayinəyə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar ilkin müayinə olunan şəxslər peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün hadisə baş vermiş işəgötürənin yazılı sorğusu ilə birlikdə bədbəxt hadisənin baş verməsini təsdiq edən aktı və yaxud məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi təqdim edirlər. Əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR