BMT baş katibi qaçqın və miqrantlarla bağlı məqalə yazıb

BMT baş katibi qaçqın və miqrantlarla bağlı məqalə yazıb
# 09 may 2016 13:52 (UTC +04:00)

Bakı-APA. BMT baş katibi Pan Gi Mun qaçqın və miqrantlarla bağlı məqalə yazıb.

APA-nın məlumatına görə, “El País” qəzetində dərc edilən məqaləsində P. G. Mun miqrasiya böhranı ilə mübarizə üçün effektiv kollektiv fəaliyyətin zəruri olduğunu vurğulayıb.

BMT baş katibi qaçqın və məcburi köçkünlər təhlükə yaratmır, əksinə, onları qəbul edən ölkələrin inkişafına kömək edə bilər. P. G. Mun qeyd edib ki, qaçqın və miqrantların cəmiyyətlərə daha yaxşı inteqrasiyası onların həmin cəmiyyətlərin inkişafına daha böyük töhfə verməsinə səbəb olacaq. Qaçqın və miqrantlara qarşı diskriminasiya və dözümsüzlükdən imtina etməyə çağıran P. G. Mun BMT Baş Assambleyasının bu il sentyabrın 19-da keçiriləcək toplantısında qaçqın və miqrantlarla bağlı problemin həlli yolunun müəyyənləşdirilməsi ilə əlaqədar qərar qəbul olunmasını gözlədiyini qeyd edib: “İnanıram ki, dünya liderləri bu məsələdə qlobal əməkdaşlığa üstünlük verəcəklər. İnsanlar tarix boyu öz istəkləri, yaxud məcburən bir yerdən digərinə köçüblər, bu, gələcəkdə də davam edəcək. Beynəlxalq ictimaiyyətin vəzifəsi həmin insanları müdafiə etmək, onları izlənilməkdən və zorakılıqdan qorumaqdır. Biz insanların kütləvi yerdəyişməsi ilə bağlı beynəlxalq sistemi möhkəmləndirməli, insan hüquqları ilə bağlı standartlara riayət etməli, qaçqınları zəruri müdafiə ilə təmin etməliyik. Bunun üçün qaçaqmalçılarla mübarizəni ikiqat gücləndirmək lazımdır. Miqrantların sayı artacaq. Ona görə də miqrasiya böhranını hər hansı dövlət təklikdə aradan qaldıra bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR