David Usupaşvili: “Seçkilərin yüksək səviyyədə keçirilməsi milli qürur məsələsidir”

David Usupaşvili: “Seçkilərin yüksək səviyyədə keçirilməsi milli qürur məsələsidir”
# 07 oktyabr 2016 15:36 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan parlamentinin hazırkı sədri, Respublikaçılar Partiyasının lideri David Usupaşvili 8 oktyabr parlament seçkilərini ləyaqətlə keçirməyi şərəf işi adlandırıb.


APA-nın Gürcüstan bürosunun xəbərinə görə, D. Usupaşvili bildirib ki, seçkilərin yüksək səviyyədə keçirilməsi milli qürur məsələsidir. O qeyd edib ki, bütün partiyalar və siyasi liderlər seçki administrasiyasının elan etdiyi nəticələri tanımalı və öz nəticələrinə istinad etməməlidirlər: “Bu, vacibdir. Gürcüstan siyasi azadlıq və seçki demokratiyası istiqamətində mühüm addımlar atıb və biz inamla Gürcüstan dövlətinə şərtsiz etibar etməliyik”.

D. Usupaşvili bir çox majoritar seçki dairələrində ikinci tur ola biləcəyini istisna etməyib: “Sabah axşam seçkilərin nəticələri məlum olmayacaq. Parlamentin gələcək üzvləri, hökumət və ictimaiyyət nümayəndələri mühüm imtahan qarşısındadır. Biz oktyabrın 8-dən başlayan yolu gələcək seçkilərə qədər ləyaqətlə keçməliyik”.

Qeyd edək ki, seçkilərdə 19 siyasi partiya, 6 seçki bloku və müstəqil namizədlər mübarizə aparacaq. Hazırkı parlament yeni seçilmiş parlamentin ilk toplantısına qədər öz səlahiyyətlərini icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR