İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd verilməsi üçün zərərli və ağır işlərin siyahısı hazırlanacaq

İşçilərə pulsuz müalicə-profilaktik yeməklər, süd verilməsi üçün zərərli və ağır işlərin siyahısı hazırlanacaq
# 21 aprel 2016 00:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraiti istehsalatların siyahısı hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün bağlanan Baş Kollektiv Sazişdə götürülən öhdəliklər sırasında əksini tapıb.

Tərəflər işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə məşğul ola bilmələri üçün lazımi şərait yaratmaq, işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balanslarında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu idman obyektlərinin və bazaların saxlanılmasını təmin etmək, transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin hüquqlarının qorunması ilə bağlı birgə iş aparmaq barədə də öhdəlik götürüblər. Eyni zamanda Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 2016-2017-ci illərdə MDB ölkələrinin Parlamentlərarası Assambleyası tərəfindən qəbul olunmuş model qanunlardan və digər normalardan milli qanunvericiliyin təkmilləşdirilməsində istifadə etmək, bu qurum tərəfindən təsdiqlənən “Səhmdar cəmiyyətləri haqqında” model Qanunun mülahizələrinə əsasən ölkənin səhmdar cəmiyyətlərinin rəhbər orqanlarında işçilərin nümayəndələrinin təmsil olunmasını tövsiyə etmək barədə də razılığa gəliblər.

Tərəflər sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərdə və kollektiv müqavilələrdə müəyyən olunmuş məqsədlər üçün müəssisə və təşkilatlarda işləyənlərin əməkhaqqı fondunun ən azı 0,15 faizinin həmkarlar ittifaqına ayırmalar edilməsini tövsiyə edirlər. Baş Kollektiv Saziş 2016-2017-ci illər üçün bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Yeni danışıqlar qüvvədə olan Baş Kollektiv Sazişin müddəti başa çatanadək qurtarmadığı təqdirdə, bu Baş Kollektiv Sazişin qüvvədə olma müddəti Tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər. Baş Kollektiv Sazişə daxil edilmiş müddəalar Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR