Azərbaycan teatr xadimləri VII Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib

Azərbaycan teatr xadimləri VII Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib
# 17 oktyabr 2015 15:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” kafedrasının müəllimi, teatrşünas Elçin Cəfərov Gürcüstanda keçirilən VII Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edib.

APA-nın məlumatına görə, 2009-cu ildən etibarən hər il mütəmadi şəkildə keçirilən festivalda dünyanın bir çox dövlətlərindən müxtəlif teatr kollektivləri və mütəxəssislər iştirak edir.

Festivalın əsas proqramlarından olan Gürcüstan "Showcase" proqramında dünyanın 30-a qədər ölkəsindən 60-dan çox teatr mütəxəssisinin iştirak edir.

Bu ilki "Showcase" proqramına Azərbaycanla yanaşı, Hollandiya, Almaniya, İtaliya, Litva, Latviya, Rusiya, BƏƏ, İran, Yunanıstan, Norveç, İspaniya, Bolqariya, Türkiyə, Belçika, Polşa, Oman, İsrail, Rumıniya, Çexiya, Estoniya, Kanada, ABŞ, Böyük Britaniya, Belarusiya, Əlcəzair, Norveç, Macarıstan və Qazaxıstandan dəvət olunmuş teatr mütəxəssisləri qatılıb.

"Showcase" proqramına Ş.Rustaveli adına Dövlət Dram Teatrının, K.Marcanişvili adına Dövlət Dram Teatrının, V.Abaşidze adına Dövlət Musiqili Komediya və Dram Teatrının, A.Qriboyedov adına Rus Dram Teatrının, N.Dumbadze adına Dövlət Gənclər Teatrı və s. teatrların tamaşaları daxil olub.

Gürcü dilində nümayiş olunan tamaşalar, ingilis dilində subtitrlərlə müşayiət olunub. Tamaşalardan sonra teatrşünasların, jurnalistlərin, prodüserlərin iştirakı ilə müzakirələr keçirilib. Festival çərçivəsində həmçinin bir sıra tədbirlər – seminarlar, treninqlər, ustad dərsləri və sərgilər də təşkil edilib.

Festival çərçivəsində Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Sheakspeare of Our Time and My Country” (Bizim dövrün Şekspiri və mənim ölkəm) adlı elmi konfransda çıxış edən Elçin Cəfərovun “İnterpretation of Sheakspeare’s drama in Psychosopy theatre conception” (Şekspir dramaturgiyasının “Psixosof” teatr poetikasında yozumu) adlı məruzəsi çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR