Dövlət Sərhəd Xidmətində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilib

Dövlət Sərhəd Xidmətində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilib
# 19 yanvar 2016 13:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidməti (DSX) Aparatında 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları faciənin ildönümü münasibətilə hazırlanmış sərgiyə baxış keçiriblər.

Tədbirin rəsmi hissəsində şəhidlərin xatirəsi bir dəqi­qəlik sükutla yad edilib.

Anım mərasimində iştirak edən AMEA-nın tarix institutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov Azərbaycanın tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat verib. Tədbirdə çıxış edənlər SSRİ rəhbərliyinin göstərişi ilə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrun­da mübarizə əzmini qıra bilmədiyini, həmin tarixi gecədə Azərbaycan xalqının özünün yenilməzliyini, qəhrəmanlığını, vətənə, torpağa sədaqə­tini, azad­lıq uğrunda mübarizəsini bütün dünyaya bir daha bəyan etdiyini bildiriblər.

Tədbirin sonunda 20 yanvara həsr olunmuş sənədli film nümayiş etdirilib.

Faciənin ildönümü ilə bağlı təsdiq olunmuş plana əsasən, DSX-nin bütün hərbi hissə və bölmələrində anım tədbirləri keçirilib, xalqımızın qürur mənbəyinə çevrilən şəhidlərin xatirəsi dərin ehtiram hissi ilə yad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR