Polşada Azərbaycana həsr olunmuş tədbir keçirilib

Polşada Azərbaycana həsr olunmuş tədbir keçirilib
# 09 dekabr 2015 21:09 (UTC +04:00)

Bakı-APA. Dekabrın 8-də Katovitsa şəhərində yerləşən Sileziya Universitetində Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycan-Polşa əlaqələrinə həsr olunmuş görüş keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə səfir Həsən Həsənov, Sileziya Universitetinin prorektoru Miroslav Nakonieçnı, İctimai Elmlər fakültəsinin dekanı Veslav Kaçanoviç, Polyak dili və mədəniyyəti Məktəbinin direktoru Yolanta Tabor, beynəlxalq əlaqələr şöbəsinin direktoru Aqata Vuyçik, Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin sədri David Tsetsuda, Universitetin tələbə və müəllim heyəti iştirak edib.

Görüşü giriş sözü ilə Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin Katovitsa şəhəri üzrə bölməsinin sədri Kristian Yavorski qonaqları salamlayıb, Cəmiyyətin yeni açılmış Katovitsa bölməsi haqqında məlumat verib və tələbələri Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin üzvü olmağa dəvət edib. Daha sonra çıxış edən Sileziya Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Miroslav Nakonieçni Azərbaycan səfirinin Sileziya Universitetində qonaq olmasından, tələbə və müəllim heyəti ilə görüşmək imkanın yaranmasından məmnunluq duyduğunu və belə görüşlərin gələcəkdə Azərbaycan və Polşa gəncləri və müəllim heyəti arasında əlaqələrin qurulmasına müsbət təsir edəcəyinə inandığını bildirib.

Polşa-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin sədri David Tsetsuda isə çıxış edərək cəmiyyət üzvlərinin bu il ərzində iki dəfə Azərbaycana etdikləri səfərlər, Azərbaycan İqtisadiyyat Universiteti, Azərbaycan Neft Akademiyası, Bakı Slavyan Universiteti, Azərbaycan Diplomatiya Akademiyasında keçirilən görüşlər, Azərbaycan-Polşa gəncləri arasında əlaqələrinin inkişafını nəzərdə tutan gələcək layihələr haqqında məlumat verib. David Tsetsudanın çıxışından sonra Cəmiyyətin bir illik fəaliyyətinə və Azərbaycana həsr edilmiş qısa filmin təqdimatı olub.

Görüşdə çıxış edən səfir Həsən Həsənov Azərbaycanın qədim tarixi, mədəniyyəti və müasir dövrü haqqında ətraflı məlumat verib. Həmçinin Azərbaycan-Polşa əlaqələrinin, o cümlədən Azərbaycan dövlətçiliyinin, elminin, neft sənayesinin və memarlığının inkişafında xüsusi xidmətləri olmuş şəxslər haqqında ətraflı danışıb və eyni zamanda səfirliyin Azərbaycan-Polşa münasibətlərinin inkişafında təşkil etdiyi silsilə tədbirlər haqqında məlumat verib. Çıxışın sonunda səfir tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırıb. Tədbir çərçivəsində həmçinin Səfirlik tərəfindən polyak dilində nəşr olunmuş Azərbaycana aid kitablardan və foto-şəkillərdən ibarət sərgi də təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR