Barak Obama: "Amerika islamla savaşmır"

Barak Obama: "Amerika islamla savaşmır"
# 07 dekabr 2015 07:26 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ prezidenti Barak Obama ötən həftə Kaliforniyanın San Bernardino şəhərində 14 nəfərin terrorçular tərəfindən qətlə yetirilməsi ilə bağlı xalqa müraciət edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, televiziya kanalları ilə canlı yayımlanan çıxışında B. Obama hadisənin günahsız insanları öldürməyə yönəlmiş terror aktı olduğunu bildirib. "Azadlıq qorxudan daha güclüdür", deyən ABŞ prezidenti qeyd edib ki, belə bir vaxtda Amerika xalqının bölünməsi radikallara sərf edər.

B. Obama ABŞ-da silahlanma ilə bağlı qanunvericiliyi tənqid edərək ölkə daxilində insanların silah əldə etməsini çətinləşdirtməyin zəruriliyini vurğulayıb. O, ABŞ-ın dəyişən terror təhdidinin öhdəsindən gələcəyini söyləyib və bu mübarizədə müsəlman icmalarını müttəfiq kimi görməyin vacibliyinə diqqət çəkib: "Bunun ABŞ-la islam arasındakı savaş kimi qiymətləndirilməsinə imkan vermərik".

B. Obama hansı ölkədə olursa olsun, ABŞ ordusunun terrorçuları təqib edəcəyini və ölkə daxilində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini də əlavə edib. O, ABŞ-ın rəhbərliyi ilə beynəlxalq ictimaiyyətin Suriyada atəşkəsə nail olunması və problemin siyasi yolla həlli prosesinə başladığını deyib: "Bu, Suriya xalqına, eləcə də bizim müttəfiqlərimizə və Rusiya kimi ölkələrə ümumi məqsədə - İŞİD-in məhvinə diqqəti cəmləşdirməyə kömək edəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR