Almaniya XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

Almaniya XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
# 20 aprel 2016 21:04 (UTC +04:00)

Bakı-APA. Aprelin 20-də Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə Almaniya XİN-in məlumatında deyilir.

Həmsədrlər Almaniya XİN rəhbərinə regiona etdikləri son səfər barədə məlumat veriblər və tərəflər arasında danışıqlara dair təəssüratlarını bölüşüblər. Görüş zamanı Dağlıq Qarabağda atəşkəsin və siyasi danışıqların bərpasının vacibliyi vurğulanıb.

Almaniyanın XİN rəhbəri qeyd edib ki, münaqişədə hazırkı status-kvonun saxlanılması gələcək üçün heç bir zəmanət vermir və yenidən vəziyyətin gərginləşməsi ilə nəticələnə bilər. Onun sözlərinə görə, Almaniya ATƏT həmsədrlərinin fəaliyyətini dəstəkləyir və münaqişənin həlli üçün əlindən gələni əsirgəməyəcək.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR