Bakıda “Soyqırıma son” adlı beynəlxalq konfrans keçirilir

Bakıda “Soyqırıma son” adlı beynəlxalq konfrans keçirilir
# 31 mart 2016 10:37 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Bakıda “Soyqırıma son” adlı beynəlxalq konfrans işə başlayıb. APA-nın xəbərinə görə, konfrans Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd beynəlxalq hüquq normalarını və BMT konvensiyalarını rəhbər tutaraq, gənclər arasında dünyada baş vermiş soyqırımlar haqda həqiqətlərin daha geniş yayılması işində beynəlxalq ekspertlərin imkanlarından istifadə etməkdir.

Konfransı giriş sözü ilə gənclər və idman nazirinin müavini İntiqam Babayev açıb. O bildirib ki, 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur: “Bu gün yaşadığımız dünyada qeyri-stabil bir mühit formalaşıb. Dünyada stabilləşmə əvəzinə qaynar nöqtələrin sayı artmaqdadır. Xalqlara qarşı etnik-irqi təmizləmələr göz qabağındadır. Siyasi problemlər müxtəlif etnik münaqişələrlə başa çatır. Bu problemlərlə ilk növbədə gənclər üzləşir. Soyqırımı araşdırmaq təkcə tarixçilərin işi deyil. Soyqırımı araşdırıb gələcək nəsillərə çatdırmaq bizim əsas vəzifəmiz olmalıdır. Biz 2 əsrə yaxın ermənilər tərəfindən deportasiya və soyqırımı siyasətinə məruz qalmışıq. 1918-ci ilin mart ayında erməni daşnak quldur dəstələri Azərbaycanda minlərlə insanı qətlə yetirib”.

Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Alev Kılıç qeyd edib ki, arxivlər açılmalı və tarix ortaq şəkildə yazılmalıdır: “Türkiyə qondarma erməni soyqırımı iddiaları ilə 1965-ci ildən sonra üzləşməyə başlayıb. Hazırda “soyqırımı” məfhumundan siyasi alət kimi istifadə olunur. Biz Türkiyə olaraq 80-ci illərdə bu məsələnin ciddiliyinin fərqinə vardıq. Yəni, biz gec ayıldıq. Biz düşünürdük ki, bu sadəcə təbliğatdır”.

AMEA Tarix İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov bildirib ki, 1918-ci ilin mart hadisələri zamanı Azərbaycana dəyən zərərin həcmi 495 milyard dollar təşkil edir. Bakı şəhərinə isə 1,2 milyard rubl ziyan dəyib: “İranın Bakıdakı konsulu öz xatirələrində yazır ki, onlar təkcə 5 min türk müsəlmanın dəfnini təşkil ediblər. 1918-ci ilin mart hadisələri vaxtı Bakı da daxil olmaqla, Şimali Azərbaycanda qətlə yetirilən insanların sayı 263 mindən çoxdur”.

V. Qafarov əlavə edib ki, Şamaxı qəzasının 50 faiz əhalisi qətlə yetirilib: “Şamaxıda 10 min 440 nəfər türk-müsəlman öldürülüb”.

Özbəkistanlı yazıçı-publisist Şuxrat Salamov qeyd edib ki, 31 martda Azərbaycan əhalisinə qarşı ermənilər tərəfindən soyqırımı siyasəti həyata keçirilib.

Konfrans davam edir.

Qeyd edək ki, konfransda Azərbaycan, Türkiyə, İran, Gürcüstan, Moldova, Özbəkistan və İrandan olan elm adamları, ekspertlər iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR