Bakıda doğuşayardım xidmətinə nəzarət gücləndirilib

Bakıda doğuşayardım xidmətinə nəzarət gücləndirilib
# 06 fevral 2016 07:55 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakı şəhər Baş Səhiyyə İdarəsində (BBSİ) paytaxtın doğuşayardım tibb müəssisələrində hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması və nəzarətin gücləndirilməsinə dair toplantı keçirilib.

APA-nın “Tibb” qəzetinə istinadən verdiyi xəbərə görə, tədbirdə BBSİ-nin rəisi Elmira Əliyeva və rəis müavini Məmməd Cəfərov, Səhiyyə Nazirliyinin anesteziologiya-reanimatologiya üzrə baş mütəxəssisi Aydın Qədirov və başqaları bu sahədə tibbi xidmətin təkmilləşdirilməsi ilə bağlı fikirlərini səsləndiriblər. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Gülər Ağayevanın, şəhərin doğuşayardım xidməti göstərən tibb müəssisələrinin rəhbərlərinin iştirak etdiyi toplantıda hamilə qadınlara ərazi qadın məsləhətxanaları tərəfindən göstərilən antenatal xidmət müzakirə olunub, hamilələrin özəl tibb müəsissələrində qeydiyyatda olduğu hallarda müəssisələr arasında əlaqəli işin Səhiyyə Nazirliyinin müvafiq əmrinə və müəyyənləşdirilmiş qaydalara uyğun surətdə təşkili və diqqətdə saxlanılması, risk qrupundan olan hamilələrə nəzarətin gücləndirilməsi, onların vaxtında hospitalizasiyası, müvafiq mütəxəssislərlə konsiliumların təşkili zərurəti vurğulanıb.

Stasionarlarda aparılan doğuşayardım xidməti üzrə müzakirələrdə həkim seçimi məsələsinin müəssisə rəhbərliyi tərəfindən tənzimlənməsi, kadrların potensialı və hazırlıq vəziyyətinin qiymətləndirilməsi, tibb işçilərinin öz vəzifələrinə uyğun olaraq məsuliyyətinin artırılması, müəssisədaxili nizam-intizam qaydalarına riayət edilməsi istiqamətində göstərişlər verilib. İclasda çıxış edən mütəxəssislər ana ölümü hallarının qarşısının alınmasına, hamilələrə göstərilən antenatal və doğuşayardım xidmətinin təkmilləşdirilməsinə yönəldilmiş təkliflər irəli sürüblər.

Yekun olaraq “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın (2013-2017-ci illər), Səhiyyə Nazirliyinin doğuşayardım xidmətı üzrə müvafiq əmr və sərəncamlarının, təlimat və klinik protokollarının icrasına nəzarətin artırılması, həmçinin antenatal və doğuşayardım işinin gücləndirilməsi istiqamətində baş həkimlərə tapşırıqlar verilib, onlar bu sahədə müntəzəm olaraq monitorinqlərin keçiriləcəyi barədə məlumatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR