Azərbaycanda hamiləlik zamanı ürəyinə klapan yerləşdirilən qadın ana olub

Azərbaycanda hamiləlik zamanı ürəyinə klapan yerləşdirilən qadın ana olub
# 22 fevral 2016 10:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ötən ilin dekabr ayının əvvəllərində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən ölkədə ilk dəfə olaraq hamilə qadının ürəyində əməliyyat aparılaraq, onun mexaniki klapanı dəyişdirilib. Bu barədə APA-ya ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, dünyada üçüncü belə uğurlu əməliyyatdır: “Çünki buradakı təhlükə - əməliyyat zamanı hamilə xanımın bədən temperaturunu 33ºC qədər düşürülməsidir, bu vəziyyət isə döl ürəyinin fəaliyyətini dayandırma təhlükəsini artırır. 36 yaşlı qadın bu günlərdə artıq körpəsini dünyaya gətirib. Keysəriyyə əməliyyatı ilə doğulan oğlan uşağının çəkisi 3 kq 600 qram, boyu 49 sm-dir”.

Əməliyyatı həyata keçirən Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sözlərinə görə, hamilə qadın doğuşdan bir həftə əvvəl xəstəxanaya yatızdırılıb.

Qeyd olunub ki, qadın 3 il əvvəl aorta qapaq stenozu problemi ilə həkimlərə müraciət edib. Xəstədə ürəyin aorta qapağının protezləşdirilməsi əməliyyatı icra edilib, mexaniki klapan yerləşdirilib. Əməliyyatdan sonrakı vaxtda hansısa bir problem yaranmayıb. Lakin qadın hamilə qalmaq istəyib. Həkimlər buna etiraz edərək hamiləliyin ona əks göstəriş olduğunu, dölün salamat qalması ehtimalının çox az olduğunu izah edilib. Buna baxmayaraq, özü də həkim olan qadın hamiləliyə qərar verib. Hamiləlik müddətində xəstənin vəziyyəti pisləşib, mexaniki klapanın trombozlaşması aşkarlanıb. Bu cür hallarda tək çıxış yolu yenidən əməliyyat olunması olduğu üçün qadın təcili əməliyyata alınıb. Onun bədəninin hərarəti düşürülüb, ürəyi dayandırılıb və süni qan dövranına qoşulub. Bu cür əməliyyatlarda dölü itirmək təhlükəsi çox böyük olsa da, əməliyyat uğurla keçib - həm ananı, həm dölü qurtarmaq mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR