Nardaranda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib

Nardaranda gənclərin hərbi xidmətə yola salınması mərasimi keçirilib
# 12 aprel 2016 11:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sabunçu rayonu Nardaran qəsəbəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə xidmətin yüksək rütbəli zabitləri, Sabunçu rayonu İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət təmsilçiləri, Qarabağ müharibəsi veteranları və çağırışçıların valideynləri iştirak ediblər.

Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədov gəncləri Vətəni qorumaq kimi müqəddəs bir vəzifəyə başlamaları münasibəti ilə təbrik edərək, onlara hərbi xidmətdə uğurlar arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Çağırışçılarla iş şöbəsinin rəisi polkovnik-leytenant Rauf Hacıyev son günlər cəbhə xəttində düşmən təxribatının qarşısının alınması zamanı Silahlı Qüvvələrimizin nümayiş etdirdiyi qəhrəmanlıqdan, cəmiyyətin Qarabağ uğrunda sıx birləşməsindən danışıb: “Son günlər Ermənistan silahlı birləşmələrinin cəbhə boyunca atəşkəsi mütəmadi pozması, Azərbaycanın tarixi torpaqlarında azğınlıq törətməsi cəsur Azərbaycan ordusunu hərəkətə gətirdi. Biz döyüş ruhunun ölmədiyini, torpaqlarımızı qaytarmaq üçün hər an savaşa hazır olduğumuzu açıq şəkildə sübut etdik. Baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmrini icra etmək üçün bu şərəfli yolda vahid komandanlıq altında birləşərək, düşməni məhv etməyə hazırdır. Biz şanlı qələbəmizlə sübut etdik ki, nankor düşməni yerində oturtmaq, tarixi torpaqlarımıza qayıtmaq üçün hər cür imkanlara malik, ölkə başçısının rəhbərliyi altında birləşməyə hazır millətik”.

Çıxış edən çağırışçılar Vətənə xidmət edəcəklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR