Arzuxan Əlizadə: "AMİP iqtidar-müxalifət görüşlərinin tərəfdarıdır"

Arzuxan Əlizadə: "AMİP iqtidar-müxalifət görüşlərinin tərəfdarıdır"
# 25 dekabr 2015 10:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) 2015-ci ilin yekunları və partiyanın qarşısında duran məsələlərlə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, partiyanın Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, AMİP ənənəvi olaraq, ilin yekunlarına dair mətbuat konfransı keçirir və il ərzində görülən işlərlə bağlı hesabat verir. O, 2015-ci ilin məhsuldar il olduğunu və partiyanın ölkədə baş verən hadisələrə operativ reaksiya verdiyini diqqətə çatdırıb.

AMİP-in baş katibi, sədr əvəzi Arzuxan Əlizadə isə çıxışında bildirib ki, bu il ölkədə növbəti ilə də təsir göstərəcək ciddi hadisələr baş verib. O, partiyanın 2015-ci ildəki fəaliyyətinə toxunaraq, deyib ki, AMİP hər zaman ölkədə siyasi partiyalara azad rəqabət imkanının yaradılmasının fərqində olub və bunun vacibliyini qeyd edib.

A. Əlizadə AMİP-in parlament seçkilərində iştirakını dəyərləndirib və partiyanın növbəti qurultayı barədə də danışıb: "AMİP 2015-ci ildə qurultayın keçirilməsinə hazırlıq işləri görüb, qurultaya nümayəndələr seçib. Lakin bir sıra texniki işlərin başa çatmaması ilə bağlı qurultayın vaxtı növbəti ilə təyin olunub. Ancaq çalışacağıq ki, növbəti ildə mart ayına qədər qurultayı keçirək".

O, AMİP-in bir sıra beynəlxalq təşkilatlarla görüşlər keçirdiyini və burada Dağlıq Qarabağ probleminin hələ də həllini tapmaması, münaqişəyə münasibətdə ikili standartlara yol verildiyinin diqqətə çatdırıldığını qeyd edib.

A. Əlizadə 2015-ci ildə keçirilən iqtidar-müxalifət görüşlərinə də münasibət bildirib. O, AMİP-in bu görüşlərin tərəfdarı olduğunu açıqlayıb: "AMİP hər zaman ölkədə vacib problemlərin həlli istiqamətində iqtidar-müxalifət görüşlərin keçirilməsinə çalışıb. İqtidar-müxalifət görüşünün davamlı olmasını arzu edirik".

A.Əlizadə AMİP-in ölkədə olan bütün siyasi partiyalar, o cümlədən hakimiyyətə yaxın partiyalarla da əməkdaşlığa hazır olduğunu qeyd edib: "Növbəti ildə biz siyasi partiyalarla bu məsələləri müzakirə etməyi düşünürük. Partiyaların birləşməsi məsələsinə gəlincə isə AMİP heç bir partiya ilə birləşmək niyyətində deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR