Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının konfransı keçirilib - FOTO

Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının konfransı keçirilib - <span style="color: red;">FOTO
# 23 sentyabr 2015 15:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Portuqaliyanın Porto şəhərində Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının XXIII konfransı və Baş Assambleyası keçirilib.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, hər iki tədbirdə Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 

 

Q. Əliyev bildirib ki, Portuqaliyaya səfər Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyası (IACM) və Portuqaliya Nəqliyyat və Rabitə Muzeyinin dəvətilə baş tutub. Builki konfrans “Xüsusi tədbirlər zamanı qonaqları cəlb etmək üçün biz nə edirik?” mövzusuna həsr olunub.

 

Konfrans zamanı nümayəndə heyətimiz tərəfindən “Azərbaycan Gömrük Xidmətinin muzeyləri: iştirakçıların sayının artırılması və muzeylərin işinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar” adlı qısa film nümayiş etdirilib. Filmdə Azərbaycan gömrük muzeylərinin fəaliyyəti, onların işinin optimallaşdırılması məqsədilə ən qabaqcıl informasiya texnologiyalarının tətbiqi, həmçinin Dövlət Gömrük Komitəsi və Gömrük Tarixi Muzeyinin bir sıra ölkələrdə və müxtəlif nüfuzlu beynəlxalq tədbirlər çərçivəsində təşkil etdiyi sərgi və digər mədəni tədbirlər öz əksini tapıb.

 

Konfrans iştirakçılarına Gömrük Tarixi Muzeyinin fəaliyyəti, kolleksiyaları, eksponatları, eləcə də təşkil etdiyi tədbir və sərgilər barədə məlumatların əks olunduğu broşürlər təqdim olunub. Belə ki, bu broşürlər həm də insanların muzeyə dəvət olunması üçün hazırlanmış yeni layihədir. Tədbir iştirakçılarına 2014-cü ilin may ayından indiyədək olan dövr ərzində muzeyin fəaliyyəti, iştirak və təşkil etdiyi tədbirlər barədə geniş məlumatı əks etdirən hesabat xarakterli ayrıca broşür də paylanıb.

 

Bununla yanaşı, Azərbaycan Miniatür Kitab Muzeyi haqqında broşürlər də iştirakçılara təqdim olunub. Məlumat verilib ki, əsası 2002-ci ildə Bakıda qoyulan bu muzeydə dünyanın 60-dan çox ölkəsində nəşr olunan 5000-dən artıq miniatür kitab nümayiş etdirilir. Muzeyin yaradıcısı Zərifə Salahova 2 913 nadir kitab kolleksiyasına görə Ginnesin Dünya Rekordları sertifikatına malikdir.

 

Konfrans iştirakçılarının diqqətinə dahi Azərbaycan şairi Nizami Gəncəvinin qəhrəmanlarının surətlərinin Azərbaycan və Şərq xalçalarında əks olunduğu miniatür kitablar da çatdırılıb. Daha sonra Azərbaycan Xalça Muzeyinin hazırladığı, üzərində “Bakı-2015” Avropa Oyunlarının simvolu olan kiçik xalçalar və 10 000-dən artıq xalçadan ibarət kolleksiyaya sahib Azərbaycan Xalça Muzeyi barədə broşürlər tədbir iştirakçılarına paylanıb.

 

Bundan başqa, nümayəndə heyətimiz tərəfindən Por­tu­qaliya Nəqliyyat və Rabitə Muzeyinə Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın rifahı və tərəqqisi, xalqın gələcəyi naminə gördüyü işlər barədə kitab hədiyyə edilib. Eləcə də muzeyin böyük bir hissəsinin kitabxana kimi fəaliyyət göstərdiyi nəzərə alınaraq, Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti və musiqisi haqqında bir sıra nəşrlər bu mədəni-maarif müəssisəsinə təqdim olunub.

 

Portuqaliya Nəqliyyat və Rabitə Muzeyinə təqdim olunan daha bir hədiyyə isə tanınmış Azərbaycan rəssamı Sabir Çopuroğlunun rəsm əsəri olub. Neftdən istifadə olunmaqla əllə çəkilən bu əsərdə Porto şəhərindəki Douro çayının sahilində yerləşən, hazırda konfrans və muzey mərkəzi kimi fəaliyyət göstərən Porto gömrüyünün tarixi binası əks edilib. Əsərin təqdimatı zamanı müəllifin yaradıcılığı barədə də ətraflı məlumat verilib.

 

Qeyd edək ki, Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının XXIII konfransı Portuqaliya Nəqliyyat və Rabitə Muzeyində keçirilib. Konfrans zamanı muzeyin ən baxımlı yerində qoyulan Azərbaycan gömrük əməkdaşının xüsusi forması geyindirilən maneken tədbir iştirakçılarının marağına səbəb olub. Bu maneken 2012-ci ildə Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi adından Portuqaliya Nəqliyyat və Rabitə Muzeyinə hədiyyə edilib.  

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR