Cavid Qurbanov və Binalı Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə edib

Cavid Qurbanov və Binalı Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə edib
# 22 yanvar 2016 18:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Türkiyədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Türkiyə Respublikası nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib.

C. Qurbanov bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcəkdir. B. Yıldırım isə deyib ki, bağlantının Türkiyə hissəsində tikinti işlərinin 80% -i görülüb. Bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonuna kimi başa çatdırılacaq.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcustan və Turkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin müəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR