Siyavuş Novruzov: “Biz Allaha qarşı gedə bilmərik”

Siyavuş Novruzov: “Biz Allaha qarşı gedə bilmərik”
# 01 fevral 2016 10:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Mən Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədriyəm. Biz Allaha qarşı gedə bilmərik”.

APA-nın məlumatına görə, bunu komitənin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun fikrincə, bu qanun layihəsində kimsə Allahlıq edir.

S. Novruzov bildirib ki, layihədə Azərbaycan xalqının milli mentalitetinə uyğun olmayan məsələlər var və onlar çıxarılmalıdır. O qeyd edib ki, ünvanlı sosial yardıma baxış da dəyişməlidir: “Bu, o demək deyil ki, imkansız, kasıb adam hər il bu yardımı almalıdır. Bu, insanların ayağa qalxması üçün köməkdir. Neçə illər insanlara verdiyimiz bu yardımlar havaya atılıb. Bu məsələyə baxış dəyişməlidir. Ünvanlı sosial yardım bir illik verilməlidir və o insanın işlədiyi sahəyə tətbiq olunmalıdır. Oradan gələn gəlir ailə vəziyyətinin yaxşılaşmasına xidmət etməlidir. Yoxsa, ələbaxımlılıq öyrətmək düzgün deyil”.

İnformasiya təhlükəsizliyi ilə bağlı prezidentin fərmanına diqqət çəkən S. Novruzovun sözlərinə görə, bununla bağlı bəzi qanunlara dəyişiklik edilməlidir: “Bir mənbə Azərbaycan ordusu haqqında yazır, yarım saatdan sonra çıxarır. Bütün saytlar ona istinadən yazı verir və onlarda yazı qalır. Lakin məlum olur ki, bu informasiya xaricdə hansısa mənbədən yerləşdirilib və bundan mediamız istifadə edib. Bununla bağlı ciddi addımlar atılmalıdır”.

S. Novruzov “Siyasi partiyalar haqqında” qanuna müvafiq dəyişikliklərin edilməsini də istəyib: “Hazırda bizim komitə qanuna dəyişikliklər üzərində işləyir və hazır olduqdan sonra Milli Məclisə təqdim olunacaq. Büdcədən maliyyələşən və maliyyələşməyən partiyalar şəffaflığın təmin olunması üçün Mərkəzi Seçki Komissiyasına hesabat verməlidir. Lakin onlar buna əməl etmir, qanunda da məcburiyyət yoxdur. Ya da partiya ağ kağız göndərir ki, maliyyə gəliri yoxdur. Lakin baxırsan ki, neçə cangüdəni, maşını, ofisi var, bəs bu gəlirlər haradandır? Eyni zamanda partiyalararası gərginlik var, bunlar tənzimlənməli və qaydaya salınmalıdır”.

Deputat fəaliyyət göstərməyən partiyaların ləğv edilməli olduğunu söyləyib: “Partiyalar var ki, 20 ildən artıqdır vəzifələrini yerinə yetirmirlər. Dünya praktikasında var ki, bunlar bağlanmalıdır. Bu partiyalar artıq alqı-satqı obyektinə çevrilib. Bunun üçün dəyişiklik zəruridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR