MSK sədri: “Seçki baş tutub”

MSK sədri: “Seçki baş tutub”
# 19 iyun 2016 00:01 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkiləri 4-ü beynəlxalq müşahidəçi olmaqla, 745 müşahidəçi izləyib. Seçki baş tutub”.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

M. Pənahov deyib ki, gün ərzində şikayət daxil olmayıb, “qaynar xətt”ə informasiya almaqla bağlı 4 müraciət daxil olub: “Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri gün ərzində seçkinin şəffaf keçdiyini bildiriblər”.

MSK sədri bildirib ki, Ümid Partiyasının namizədi İqbal Ağazadənin müşahidəçilərinin seçki məntəqələrinə buraxılmaması barədə iddiaları barədə beynəlxalq müşahidəçilər də MSK ilə əlaqə saxlayıblar : “İqbal Ağazadənin hər məntəqədə 2 müşahidəçisi müşahidə aparırdı. Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri də həmin müşahidəçilərlə görüşmüşdülər. Heç bir müşahidəçi ilə bağlı nə məntəqə, nə də dairə seçki komissiyasında hər hansı problem yaranmayıb. Beynəlxalq və yerli müşahidəçilər seçki prosesinə belə süni kölgə salmaq cəhdlərinin əbəs olduğunu gördülər. Ümumiyyətlə, 1 noyabr 2015-ci il parlament seçkiləri ilə müqayisədə müşahidəçilərin sayi 2 dəfəyə qədər çox olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR