Azərbaycanda fövqəladə hallar zamanı zərərçəkənlərin qan ilə təminatı üçün ehtiyatlar yaradılacaq

Azərbaycanda fövqəladə hallar zamanı zərərçəkənlərin qan ilə təminatı üçün ehtiyatlar yaradılacaq
# 06 fevral 2016 22:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nı təsdiq edib.

APA-nın məlumatına görə, “2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı”nın həyata keçirildiyi dövrdə təmənnasız donorların sayı və tədarük edilmiş qanın miqdarı 2 dəfə, komponentlərə bölünmüş qanın miqdarı 1,8 dəfə, eritrosit kütləsinin və təzə dondurulmuş plazmanın miqdarı isə 4 dəfə artıb.


Həyata keçirilən tədbirlər nəticəsində müalicə-profilaktika müəssisələrinin, eləcə də talassemiyalı, hemofiliyalı və hemodializ müalicəsi alan xəstələrin qan və onun komponentləri ilə təmin edilməsində mövcud olan problemlər bütövlükdə aradan qaldırılıb. Eyni zamanda qan xidmətinin inkişaf etdirilməsinə, donor hərəkatının genişləndirilməsinə, qan xidməti müəssisələrinin maddi-texniki bazasının daha da yaxşılaşdırılmasına ehtiyac var. 2016-2020-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı (bundan sonra - Tədbirlər Proqramı)xəstələrin keyfiyyətli və təhlükəsiz qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılmasına yönəldilib. Tədbirlər Proqramının məqsədi xəstələrin keyfiyyətli qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılmasından ibarətdir. Tədbirlər Proqramının həyata keçirilməsi nəticəsində təmənnasız donorların sayının artırılması, müalicə profilaktika müəssisələrinin keyfiyyətli və təhlükəsiz qan və onun komponentləri ilə daimi və optimal təmin edilməsi, qan komponentlərinin qan banklarında uzunmüddətli saxlanılmasının təmin edilməsi, fövqəladə vəziyyətlər və təbii fəlakətlər zamanı toxunulmaz ehtiyatların artırılması gözlənilir.


Tədbirlər Proqramına əasən Səhiyyə Nazirliyi 2017-2018-ci illərdə səyyar şəraitdə qan tədarükünün həyata keçirilməsi məqsədi ilə Mərkəzi Qan Bankının və onun regional bölmələrinin avtonəqliyyat və xüsusi avadanlıqla təmin edilməsi, tədarük edilən qanın təhlükəsizliyini təmin edən müasir texnologiyaların tətbiq edilməsi (qan komponentlərinin virusinaktivasiyası, donor qanının tam avtomatlaşdırılmış üsulla müayinəsi) və Mərkəzi Qan Bankının regional bölmələrində donor qanının transmissiv infeksiyalara yoxlanılmasının təşkil edilməsini təmin etməlidir. Eyni zamanda Səhiyyə Nazirliyi 2016-2020-ci illərdə ali məktəb tələbələrinin donorluq aksiyalarına cəlb edilməsi, Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında yerləşən idarə və təşkilatlarda könüllü donorluq aksiyalarının təbliği və həyata keçirilməsinə nail olmalıdır. Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi isə 2016-2020-ci illərdə təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qan komponentləri ilə təminatı üçün lazımi ehtiyatların yaradılmasını (qan torbaları, müvafiq reaktivlər, qanəvəzedicilər, qanköçürmə sistemləri və s.) təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR