Yeni Zelandiya parlamentində Azərbaycanla Dostluq Qrupunun yaradılıb

Yeni Zelandiya parlamentində Azərbaycanla Dostluq Qrupunun yaradılıb
# 06 oktyabr 2016 08:22 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Avstraliya İttifaqında və Yeni Zelandiyadakı səfirliyin təşəbbüsü ilə Yeni Zelandiyanın qanunverici orqanı olan Nümayəndələr Palatasında səkkiz millət vəkilindən ibarət Yeni Zelandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu təsis edilib. Bu barədə səfirliyə qrupa rəhbər seçilmiş Tod Müller (Todd Muller) məlumat verib.

Səfirlikdən APA-ya bildirilib ki, Tod Müller parlamentin spikeri Deyvid Karterin (David Carter) qrupu təsdiq etdiyini deyib. Tod Müller eyni zamanda parlamentin Xarici əlaqələr üzrə xüsusi komitəsinin üzvüdür. Qrupun üzvləri aşağıdakılardır:

1. Tod Müller (Todd Muller) – sədr;

2. Maheş Bindra (Mahesh Bindra);

3. Jami-Li Ros (Jami-Lee Ross);

4. Deyvid Bennet (David Bennett);

5. Stuart Smit (Stuart Smith);

6. Sara Divi (Sarah Dowie);

7. Mark Mitçel (Mark Mitchell);

8. Endrü Bayley (Andrew Bayley).


Səfirlikdən bildirilib ki, Yeni Zelandiya parlamentində dostluq qruplarının yaradılması praktikasında regional bölgüyə üstünlük verilir. Bu xüsusda Azərbaycan üzrə ayrıca qrupun yaradılmasını müstəsna hal kimi qiymətləndirmək olar.

Azərbaycanın Milli Məclisində də on yeddi millət vəkilindən ibarət Azərbaycan-Yeni Zelandiya Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Xanlar Fətiyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR