Ötən il ETSN-in “Qaynar xətt”inə 4194 şikayət daxil olub

Ötən il ETSN-in “Qaynar xətt”inə 4194 şikayət daxil olub
# 22 yanvar 2016 07:41 (UTC +04:00)

Bakı-APA. 2015-ci il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə 4194 şikayət daxil olub.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə ötən il ərzində daxil olan 4194 şikayətdən 3946-sı nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və s. ilə əlaqədar olub.

Belə ki, il ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 2169 şikayətdən 2062-si, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 1129 şikayətdən 1120-si, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 371 şikayətdən 332-si, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 114 şikayətdən 113-ü, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 318 şikayətdən 237-si, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 37 şikayətdən 33-ü, İstehsalat Siyasəti Şöbəsinə göndərilmiş 25 şikayətdən 24-ü, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 26 şikayətdən 20-si üzrə araşdırma başa çatıb və qanuna müvafiq tədbirlər görülüb, qalan şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 3 şikayət, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinə göndərilmiş 2 şikayət araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb.

ETSN-in “Qaynar xətt” rabitə əlaqəsi 2002-ci ildən etibarən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməni təmin etmək məqsədilə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR