Bakıda polis əməkdaşlarına xəsarət yetirən ata və iki oğlu tutulub

Bakıda polis əməkdaşlarına xəsarət yetirən ata və iki oğlu tutulub
# 24 fevral 2016 14:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda polis əməkdaşlarına xəsarət yetirən şəxslər tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar polis əməkdaşlarına qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etmə ilə müşayiət olunan hərəkətlərə yol verməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib.

Belə ki, fevralın 24-də paytaxtın Xəzər rayonu ərazisində rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xidmətdə olan polis serjantları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən işıqforun qadağanedici siqnalında hərəkət edən “VAZ 2107” markalı, 10-DL-542 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilməsinə baxmayaraq sürücü Rakif Abdullayev sürücülük vəsiqəsi olmadan yol polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yüksək sürətlə hərəkətini davam etdirməklə yaşadığı Mərdəkan qəsəbəsi, Qızılqum bağlar masisivində avtomobilini saxlayıb.

Avtomobili saxladıqdan sonra sürücü Rakif Abdullayev, avtomobildə olan qardaşı Gülbala Abdullayev və atası Rafiq Abdullayev ətrafda olan daş, taxta və digər küt alətlərdən istifadə edərək polis əməkdaşları V.Abbasova və C.Ağayevə fiziki zor tətbiq etməklə müxtəlif bədən xəsarətləri yetiriblər.

V.Abbasov "qapalı kəllə-beyin travması" diaqnozu ilə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib, baş və sifət nahiyəsindən xəsarətlər alan C.Ağayev isə ambulator tibbi yardım göstərilərək evə buraxılıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Rakif, Gülbala və Rafiq Abdullayevlər cinayəti törətməkdə şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR