Sumqayıt sakininin evi qarət olunaraq yandırılıb

Sumqayıt sakininin evi qarət olunaraq yandırılıb
# 13 fevral 2016 10:34 (UTC +04:00)

Bakı. Fərahim Qasımov - APA. Sumqayıtda ev qarət olunaraq yandırılıb.

APA-nın məlumatına görə, hadisə fevralın 4-də Sumqayıt şəhəri “Metallurq bağları” deyilən ərazidə baş verib. Naməlum şəxslər ev sahiblərinin evdə olmadığından istifadə edərək, əvvəlcə evi qarət edib, daha sonra isə izi itirmək məqsədilə yandırıblar.

Ev sahibi Musayev Vüqar Vahid oğlu APA-ya açıqlamasında bildirib ki, hadisə baş verən vaxt evdə heç kəs olmayıb: “Mən ailəmlə birgə Ağstafa rayonuna getmişdim. Qaynım zəng vurdu ki, ev yanır. Dərhal Sumqayıta qayıtdım. Mən gələnə kimi yanğın söndürülmüşdü. Qaynım dedi ki, ev yandırılmazdan əvvəl qarət olunub. Doğurdan da evə girmək üçün pəncərəyə nərdivan dayamışdılar. Pəncərə də açıq idi. Polisə gedib ifadə verdim”.

Yanğın zamanı üç otaqlı yaşayış evinin bütün əşyaları yanıb. Yanğın nəticəsində evin tavan , döşəmə hissəsi və damı tamamilə yanaraq sıradan çıxıb. Ev yararsız hala düşdüyündən ailə iki azyaşlı uşaqla qohumlarının evində məskunlaşmağa məcbur olub.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirib ki, faktla bağlı araşdırma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR