Andorranın baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini qəbul edib

Andorranın baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibini qəbul edib
# 04 dekabr 2015 08:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumuna hazırlıq çərçivəsində Andorra Knyazlığının baş naziri Antoni Marti Petitlə görüş keçirilib. Komitədən APA-ya verilən məlumata görə, Antoni Marti Petit sabiq hökumət başçısı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oskar Ribas Reyqi və Mərkəzin baş katibi Rövşən Muradovu qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, hər il Bakıda baş tutan Qlobal Forum və 2014-cü ildə təşkilatın Andorrada keçirdiyi toplantı haqqında baş nazirə məlumat verilib. O. Ribas 2016-cı ilin martında keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak üçün Mərkəzin həmsədrləri adından dəvət məktubunu Andorra hökumətinin rəhbərinə çatdırıb.

Antoni Marti Petit Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Baş nazir bu miqyasda keçirilən toplantıların qlobal və regional problemlərin müzakirə edilməsində əhəmiyyətini vurğulayıb. O, Andorranın bu təşəbbüsləri dəstəklədiyini qeyd edib və təşkilatla əməkdaşlığın davam etdiriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR