Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub

Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
# 22 yanvar 2016 19:22 (UTC +04:00)

Bakı-APA. Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva təqdimat mərasimində iştirak edib.

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, filmin nümayişindən əvvəl layihə haqqında söhbət açılıb. Bildirilib ki, “Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Yaradıcı heyət filmin hazırlanması üçün il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video və foto çəkilişlər edib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb.

“Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur. “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz Abutalıbovdur. Təqdimat mərasimində bu layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür bildirilib.

Qeyd edək ki, “Əbədi ezamiyyət” filmi Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı ilk sənədli film 2015-ci ilin mayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və “National Geographic” kanalı ilə 26 ölkədə nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR