Xarici donorlar tərəfindən Naxçıvan MR-ə qrant vermək hüququnun əldə edilməsi qaydası təsdiqlənib

Xarici donorlar tərəfindən Naxçıvan MR-ə qrant vermək hüququnun əldə edilməsi qaydası təsdiqlənib
# 29 dekabr 2015 20:23 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası” nı təsdiq edib.

APA-nln məlumatına görə, bu Qayda beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin (qeyri-kommersiyaxarici hüquqi şəxsləri istisna olmaqla) Naxçıvan Muxtar Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri (dövlət qeydiyyatının həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını tənzimləyir.

Bu Qaydada xarici donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin bağlanması, habelə onlarda istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur. Qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz. Xarici donorlar tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində qrant vermək hüququ hər bir qrant müqaviləsi (qərarı) üzrə əldə edilməlidir. Qrant vermək hüququnun əldə edilməsi üçün Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. Qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair nazirliyin rəyinin əldə edilməsi üçün nazirliyə xarici donor tərəfindən təqdim edilən ərizəyə xarici donorla resipiyent arasında bağlanılması nəzərdə tutulan qrant müqaviləsinin məqsədini, məbləğini, nəzərdə tutulmuş resipiyenti, icra müddətini, sub-qrantlara (olduğu halda) dair tələblərini əks etdirən qrant müqaviləsinin (qərarının) layihəsi, müqavilə üzrə tərtib edilən sənədlər (layihə, proqram, smeta xərcləri), qrantın maliyyə-iqtisadi əsaslandırılması, xarici donorun təsis edilməsi haqqında qərarın, nizamnaməsinin (əsasnaməsinin) və ya qeydiyyatını təsdiq edən sənədin (qeydiyyat şəhadətnaməsinin və s.) surəti, xarici donorun nümayəndəsinin müvafiq ərizəni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməlidir. Xarici ölkədə tərtib olunmuş sənədlər və ya məlumatlar həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.

Qrantın yönəldildiyi sahənin ehtiyaclarının dövlət tərəfindən ödənilməsi qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmaması üçün əsas sayılacaq

Nazirlik tərəfindən xarici donorların qrant vermək hüququnun əldə edilməsi barədə müraciətlərinə ərizə daxil olduğu gündən 15 gün müddətində baxılır. Əlavə araşdırma zərurəti yarandıqda, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsi müddəti 15 günədək uzadılır. Qrantın yönəldildiyi sahənin ehtiyaclarının dövlət tərəfindən ödənilməsi qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmaması üçün əsasdır.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi hər il birinci yarımillik üzrə avqust ayının 10-dək və ikinci yarımillik üzrə növbəti ilin fevral ayının 10-dək qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair təqdim etdiyi rəylər barədə aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Ədliyyə Nazirliyinə və Dini Qurumlarla İş üzrə İdarəsinə müraciət edən xarici donorun adı, mənsub olduğu ölkə və onun adından müraciət etmiş şəxs, qrantın məqsədi, məbləği və icra müddəti, müqavilə üzrə nəzərdə tutulmuş resipiyent barədə məlumatları, qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda, bunun əsaslandırılmasını təqdim edir. Qrantın maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunması barədə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin rəyini almış xarici donorlar qrant vermək hüququnu əldə etmiş hesab olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR