Əlillikdən pensiya hüququ qazanılması şansı kimi istifadə edilməsinin qarşısını almaq üçün qanunlara dəyişikliklər ediləcək

Əlillikdən pensiya hüququ qazanılması şansı kimi istifadə edilməsinin qarşısını almaq üçün qanunlara dəyişikliklər ediləcək
# 30 dekabr 2015 07:10 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Çox təəssüf ki, Azərbaycanda bəzi hallarda əlilliyə pensiya yaşına çatmazdan əvvəl pensiya hüququ qazanmaq şansı kimi yanaşan insanlar var. Qarşımızda duran ən mühüm vəzifələrdən biri ondan ibarətdir ki, əlillikdən, bu və ya digər səbəbdən insanların öz fiziki sağlamlığını itirməsi halından sui-istifadə etmək istəyən insanların sayı azaldılsın və yaxud bu cür sui-istifadə halları mümkünsüz edilsin”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

Ə. Əhmədov deyib ki, hazırda bu istiqamətdə vacib olan işlər görülür: “Güman edirəm ki, yaxın zamanlarda görülən tədbirlər, normativ-hüquqi aktların yeniləşdirilməsi, bəzi qanunvericilik bazasının təkmilləşdirilməsi nəticəsində haqqında söhbət etdiyimiz neqativ məqamlar aradan qalxacaq”.

Baş nazirin müavini nəzərə çatdırıb ki, Azərbaycanda əhalinin təxminən 6 faizə yaxını bu gün əlil və fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdan keçib. Azərbaycanda 570 min bu kateqoriyaya aid olan insan var və onlardan 500 mini ya pensiya, ya da əlillik müavinəti alır. Yerdə qalanlar isə 18 yaşı olmayan, fiziki qüsurları olan Azərbaycan vətəndaşlarıdırlar: “Beləliklə, böyük bir kütlə, 500 min insan ya pensiya, ya da əlilliyə görə müavinətlər alır. Əlilliyə görə əmək pensiyası alanların sayı isə 370 min nəfərdir. Belə çıxır ki, təxminən Azərbaycanda pensiya alan 1 milyon 300 minə yaxın vətəndaşın 370 mini əlilliyə görə əmək pensiyası alanlardır. Bu kiçik rəqəm deyil. Azərbaycanda mövcud olan qanunvericiliyə görə əlilliyi olan insanların əmək pensiyasına çıxması üçün çox ciddi güzəştlər mövcuddur və bu güzəştlərdən də Azərbaycan vətəndaşları istifadə edirlər”.

Ə. Əhmədov qeyd edib ki, dünya ölkələrinin əksəriyyətində əlilliyə görə bilavasitə vaxtından tez pensiyaya çıxmaq hüququnun əldə edilməsi şansı kimi baxılması geniş yayılmış praktika deyil: “Çalışmaq lazımdır ki, insanların sağlamlığı özünə qaytarılsın, insanlar cəmiyyətin bütün parametlərinə görə tamhüquqlu üzvü olsunlar. Onlar işdən ayrılmasınlar, əgər azaçıq fiziki qüsurları varsa və yaxud bəzi hallarda müəyyən qədər ciddi qüsurları varsa, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın. Bu baxımdan əlilliklə əlaqədar iki əsas və bir-biri ilə sıx bağlı vəzifə həyata keçirilməlidir. Bunlardan birincisi bu və ya digər səbəblərlə əlaqədar fiziki sağlamlığını itirmiş insanların sağlamlığının bərpa edilməsi, ikinci isə onların sosial təminatının təmin edilməsidir. İnsanın reabilitasiyası yolu ilə sağlam həyata qaytarılması mümkün olmadıqda, yalnız bu halda onun sosial təminatının bütövlükdə dövlətin üzərinə götürülməsi haqqında düşünmək olar. Həyata keçirilən təkmilləşmələrin əsas məqsədi məhz bundan ibarət olmalıdır. Hesab edirəm ki, belə sağlam və dəqiq bir mexanizm hazırlandığı halda əlilliyin həm müəyyən edilməsi, həm də təyin edilməsi ilə bağlı o qədər də şəffaf olmayan məqamlar varsa, onlar aradan qalxacaq və bu proses də tam şəffaf şəkildə həyata keçiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR