Qafqaz Universitetində tətbiq olunan Elektron Tədris Sisteminin təqdimatına dair tədbir keçirilib

Qafqaz Universitetində tətbiq olunan Elektron Tədris Sisteminin təqdimatına dair tədbir keçirilib
# 13 yanvar 2016 09:27 (UTC +04:00)

Bakı-APA. Qafqaz Universitetində tətbiq olunan Elektron Tədris Sisteminin təqdimatına dair tədbir keçirilib.

Universitetindən APA-ya verilən məlumata görə, Azərbaycan universitetlərinin nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə Elektron Tədris Sistemi təqdim edilib. Layihənin məqsədi, həyata keçirilməsi, tərəfdaşlıq məsələləri və nəticələr haqqında geniş mühazirə ilə çıxış edən layihə rəhbəri Üzeyir Bağırov Universitetin tədris və idarəetmə proseslərinin keyfiyyətini idarə etmək üçün nəzərdə tutulmuş bu elektron sistemin tətbiqinin ölkəmizin təhsil sisteminin fəaliyyətinə mühüm töhfə verəcəyini və bu sahədə xidmətlərə olan ehtiyacların aradan qaldırılmasında əhəmiyyətli rol oynayacağını bildirib.

Layihə rəhbəri qeyd edib ki, artıq bir neçə ölkədə (Rumıniya, Nigeriya və Qazaxıstan) tətbiq edilən e-Universitet sistemi ali təhsil müəssisələrinin tədris və idarə proseslərinin mərkəzi vahid platforma üzərindən fərdi və lokal həllərə olan ehtiyacını aradan qaldıracaq, eyni zamanda nəzarət və effektivliyi təmin edəcək.

Daha sonra Universitetin əməkdaşı Ümit İlhan bu sistemdə Tədris Prosesinin İdarə olunması (TPİ) və Tələbə Bazasının İdarə olunması (TBİ) işinin təşkilini şərh edib.

Tədbirin sonunda gələcək əməkdaşlığın məzmunu və şərtləri müzakirə olunaraq bir çox suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR