Qayınatasını döyməkdə təqsirləndirilən dünya çempionu məhkəmədə ifadə verib

Qayınatasını döyməkdə təqsirləndirilən dünya çempionu məhkəmədə ifadə verib
# 22 fevral 2019 16:17 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən E. Məcidov sərbəst ifadə verərək, ona qarşı irəli sürülən ittihamla razılaşmayıb. E. Məcidov ailəsində yaranan narazılığa görə, qayınatasını deyil, qayınanasını ittiham edib.

E. Məcidov qeyd edib ki, söz-söhbət ev məsələsinə görə başlayıb: “Əsas günahkar qayınanamdır. Bütün söhbətlər, problemlər onun dediklərindən sonra baş verib. Bu kişi heç kimdir, arvadı nə deyibsə, bu da onu eləyib. Anası qızına deyib ki, tələb elə, Ehram aldığı evi sənin adına keçirsin. Bu mənim üçün problem deyildi. O ev mənim ailəmin, uşaqlarımın evidir. Sadəcə o evin sənədi – çıxarışı yox idi. Mən özüm də orada qeydiyyatda deyildim. Müvəqqəti olaraq qayınatamgilin evinə qeydiyyata düşmüşdüm. Yoxsa evi yoldaşımın adına keçirərdim. Bu məsələdən başlayan söz-söhbətdən sonra daim bizim evimizdə narazılıqlar olmağa başladı. Elə olurdu qayınanam zəng eləyib yoldaşıma nəsə deyirdi, bundan sonra yenə söz-söhbət başlayırdı. Sanki bizim evimizdə sakitlik olmasını istəmirdi".

Onun sözlərinə görə, müəyyən müddətdən sonra həyat yoldaşı ondan boşanmaq qərarına gəlib: “Mən uşaqlarımı görmək istəyirdim. Bununla bağlı mənə ciddi problemlər yaratmağa başladılar. Məhkəmə prosesləri davam etdikcə dəfələrlə barışığa cəhd elədim, istəmirdim ailə dağılsın. Hər dəfə mən getdikcə, onlar mənə qarşı kobudluq elədi. Uşaqlara görə zəng eləyirdim, açmırdılar. Axırıncı dəfə uşaqları icra şöbəsinə gətirdilər. Qayınanam və qayınatam da orada idi. Otaqdan çıxıb, uşaqlarımla söhbət eləməyimə imkan vermədilər. Uşaqları mənə qarşı öyrədirdilər. Qayınatam uşaqların yanında müdaxilə elədi, məni təhqir eləməyə başladı. Əsəbiləşdim, ona dedim ki, uşaqların yanında mənimlə işin olmasın. Yenə başladı təhqiramiz ifadələr deməyə. Bu adam mənə əl atdı. Mən əlini tutdum, sifətinə bir neçə zərbə vurdum, qaldı yerdə. Məndə beşbarmaq olmayıb. Mən orada istəsəydim, ona elə zərbə vurardım, heç bir daha qalxa bilməzdi. Fikirləşdim ki, bununla ağlı başına gələr, məndən əl çəkər. Mənim ayağımdan tutub, itələməyə başladı. Sonra məni ayırdılar”.

Məhkəmə iclası fevralın 26-da davam etdiriləcək.

İttihama görə, E. Məcidov qayınatası Dilbazi Bəhruzun yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib. Baş verən hadisə ilə bağlı dünya çempionu həbs olunub. İdmançı 2 gündür Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qeyd edək ki, Ehram Məcidov “Neftçi” İSM-də kikboksinq bölməsinin baş məşqçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR