BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir

BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir
# 13 fevral 2017 08:06 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə nümayəndəsi xanım Emi Petersenlə görüşüb.

BANM-in ictimai əlaqələr şöbəsindən APA-ya bildirilib ki, Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil ocağı haqqında danışaraq, Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, professor-müəllim heyəti və tələbələrin uğurlarından söz açıb. Rektor BANM-in fəaliyyətində beynəlxalq əməkdaşlığın xüsusi yer tutduğunu vurğulayaraq, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əlaqələri haqqında məlumat verib. O, 2015-ci ilin yanvar ayında ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xaturun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycana səfərini xatırladıb. Elmar Qasımov ABŞ-ın sözügedən universitet nümayəndə heyətinin SOCAR-da və BANM-də keçirilən görüşləri haqqında danışaraq, birgə magistr hazırlığı ilə bağlı iki ali məktəb arasında razılaşma protokolunun imzalandığını da vurğulayıb. Rektor Hyuston Universiteti ilə əməkdaşlığı magistratura səviyyəsində genişləndirməkdə maraqlı olduğunu deyib.

Emi Petersen ABŞ-la Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişafından söz açıb. Emi Petersen BANM-in qısa zaman ərzində əldə etdiyi nailiyyətlərindən, ABŞ-ın Hyuston Universiteti ilə əməkdaşlığından məmnun qaldığını deyib.

Görüşdə BANM-lə Hyuston Universiteti arasında professor-müəllim heyəti və magistr tələbələrin mübadiləsi, hər iki ali təhsil müəssisəsində yay kurslarının təşkili və digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR