Aİ Rusiyadan “Noviçok” kimyəvi silahı ilə bağlı sənədləri tələb edib

Aİ Rusiyadan “Noviçok” kimyəvi silahı ilə bağlı sənədləri tələb edib
# 19 mart 2018 12:48 (UTC +04:00)

Avropa İttifaqı İngiltərədə Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsində istifadə olunan “Noviçok” kimyəvi silahı ilə bağlı məlumatları Rusiyadan tələb edib.

APA-nın “İndependent”ə istinadən verdiyi xəbərə görə, bu gün Brusseldə Avropa İttifaqına daxil olan 28 ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi görüşdə Skripal və qızının zəhərlənməsi düşüncəsiz və qeyri-qanuni addım adlandırılıb.

Ölkələrin birgə bəyanatında bildirilir ki, bu kimyəvi silahla bağlı məlumatlar Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına çatdırılmalıdır.

"Avropa İttifaqı 70 ildə ilk dəfə Avropada Rusiya tərəfindən hazırlanmış kimyəvi silahın istifadəsindən dəhşətə gəlib. Kimyəvi silahdan istifadə tamamilə qəbuledilməzdir və hamımız üçün təhlükəlidir. Bu, Kimyəvi Silahlar Konvensiyasının, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır", - deyə bəyanatda bildirilir.


Bəyanatda Rusiya açıq şəkildə ittiham olunmasa da, qeyd edilir ki, Avropa İttifaqı Böyük Britaniya hökumətinin zəhərlənmə hadisəsinə görə Rusiya Federasiyasının məsuliyyət daşıması barədə mövqeyini dəstəkləyir.


Böyük Britaniya xarici işlər naziri Boris Conson isə Rusiyanın Skripalın zəhərlənməsi ilə bağlı məsuliyyətdən boyun qaçırmasını absurd adlandırıb: “Bu, klassik rus strategiyasıdır. Onlar artıq kimisə aldada bilməzlər. Brüsseldə bu masa ətrafında əyləşən, Rusiyanın pozucu və düşmən siyasətindən təsirlənməyən ölkə demək olar yoxdur”.


Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıb. Skripalın və qızının zəhərləndiyi yerdə 22 nəfər özünü pis hiss edib və həkimə müraciət etməli olub. Hadisə yerinə birinci gələn polis əməkdaşı isə ağır vəziyyətdə xəstəxanadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR