İqamətgahı Brasiliya şəhərində olan Azərbaycan Respublikasının Surinam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini Surinam prezidenti Desire Delano Bouterseye təqdim edib.
Azərbaycanın Braziliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı prezident Bouterse ölkə rəhbərliyi və Azərbaycan xalqına öz səmimi salamlarını çatdıraraq ölkələr arasında hər bir sahədə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu söyləyib və səfir Poluxova işində uğurlar arzulayıb.
Öz növbəsində E. Poluxov prezident İlham Əliyevin həmkarına qarşılıqlı salamlarını çatdıraraq Surinam Respublikasında səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.
Sonra səfir Surinam prezidentinə Azərbaycan haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlər ətrafında müzakirə aparıb.