FHN və BMT İP Ağdaşda su və daşqınların idarə edilməsi mövzusunda tədbir keçirib

FHN və BMT İP Ağdaşda su və daşqınların idarə edilməsi mövzusunda tədbir keçirib
# 13 aprel 2017 11:30 (UTC +04:00)

Ağdaşda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMT İP) tərəfindən “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində “Su və dayanıqlı inkişaf” mövzusunda tədbir təşkil edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə FHN Mərkəzi Aparatının, nazirliyin Dövlət Su Ehtiyatları Agentliyinin və Aran Regional Mərkəzinin, BMT İP və layihənin tərəfdaş təşkilatları, rayon icra hakimiyyətlərinin məsul əməkdaşları, layihəyə cəlb olunmuş beynəlxalq və yerli ekspertlər iştirak ediblər.

Toplantıda çıxış edən BMT İP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev FHN ilə birgə həyata keçirilən bu layihənin əhəmiyyəti və müsbət nəticələrindən bəhs edib, məqsədlər sırasında əsas yerləri tutan iqlim dəyişikliyi və su problemləri haqqında danışıb. O, artan təhlükənin qarşısını almaq, eyni zamanda icmaların daşqınlara, su çatışmazlığına qarşı davamlılığını gücləndirmək üçün iqlim dəyişikliyinin təsirlərinə proaktiv uyğunlaşmanın zəruri olduğunu qeyd edib.

M. Əfəndiyev bildirib ki, layihənin əsas məqsədi su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın dağ icmalarının su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Layihə həmçinin qanunvericilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsini nəzərdə tutur.

FHN-nin Layihələrin İdarəedilməsi İdarəsinin rəisi Azadi Quliyev nazirliyin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı həm beynəlxalq təşkilatlar, həm də xarici dövlətlərin müvafiq qurumları ilə yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirib, icra olunan layihənin sözügedən istiqamətdə həyata keçirilən fəaliyyətin tərkib hissəsi olduğunu vurğulayıb. İdarə rəisi sözügedən layihə ilə bağlı həyata keçirilən işlər və əldə olunmuş uğurların nəticələri barədə ətraflı məlumat verib.

FHN Şimal-Qərb Regional Mərkəzinin rəisi, mayor Sadiq Bəkirli isə qeyd edib ki, iqlim dəyişikliyi və onun törətdiyi fəsadları çox aktual məsələ olduğundan belə tədbirlərin regionlarda tez-tez və davamlı olaraq keçirilməsi əhalinin bu istiqamətdə maarifləndirilməsinə kömək edir.

Sonra layihənin aparıcı məsləhətçisi Fərid Abbasov layihənin fəaliyyəti və nailiyyətlər barədə, FHN Su Ehtiyatları Dövlət Agentliyinin sektor müdiri, ekspert Samir Abbasov “Sel və daşqınların idarə olunması. Fəsadların aradan qaldırılması” mövzusunda məruzə ilə çıxış edib. Layihənin eksperti Rövşən Abbasov “Suların inteqrasiyalı idarə edilməsi” barədə təqdimatla çıxış edib. Toplantıda həyata keçirilən layihə çərçivəsində görülmüş işlər haqqında videoçarx nümayiş olunub.

Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, sonra yerli xarakterik daşqınların aradan qaldırılması üçün ilkin cavabvermə alətləri və avadanlıqları dəsti yerli icra hakimiyyət orqanlarına təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR