"PAŞA Bank"ın Türkiyədəki törəməsi gələn il aktivlərini 25% artıracaq

"PAŞA Bank"ın Türkiyədəki törəməsi gələn il aktivlərini 25% artıracaq
# 21 dekabr 2016 13:24 (UTC +04:00)

Azərbaycanın bank sektorunun liderlərindən biri olan "PAŞA Bank" ASC Türkiyə bazarına çıxaraq regional iş birliyinə əsaslanan fəaliyyət qurmağı planlaşdırıb. "APA-Economics" xəbər verir ki, bunu "PAŞA Holdinq"in baş icraçı direktorunun müavini, "PAŞA Bank Türkiyə"nin İdarə Heyətinin sədri Ağa Əli Kamalov bildirib.


O Türkiyənin bank sektorunda olduqca ciddi rəqabətin olduğunu bildirib: "Türkiyənin bu istiqamətdə gördüyü işləri dəstəkləyirik və bu təcrübədən yararlanmaq istəyirik. Türkiyə və Azərbaycan hökumətləri arasında əlaqələr olduqca yüksək səviyyədədir və bu bütün sahələrə öz müsbət təsirini göstərir. Sağlam təməli olan əlaqələr özəl sektorun inkişafına dəstək verir və sahibkarlıq subyektləri bundan faydalanmaqdadır. Ola bilər ki, "PAŞA Bank"ın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyalar irihəcmli deyil. Lakin biz dünyaya meydan oxuyan Türkiyənin gücünə güc qatmaq istəyirik. Təbii ki, özümüz də bu qatqıdan faydalanacağıq. Biz Türkiyənin uğurlu gələcəyinə inanırıq".

"PAŞA Bank Türkiyə"nin İdarə Heyətinin üzvü, "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov isə qeyd edib ki, rəhbərlik etdiyi bank Azərbaycan-Türkiyə-Gürcüstan iqtisadi-ticari əlaqələrinin genişləndirilməsinə töhfə vermək niyyətindədir. "Türkiyədə olduqca ciddi rəqabət var. Əldə etdiyimiz təcrübəni həm "PAŞA Bank"ın, həm də Gürcüstandakı törəməmiz olan "PASHA Bank Georgia"nın fəaliyyətində tətbiq etmək niyyətindəyik".

"PAŞA Bank Türkiyə"nin baş direktoru Cenk Eynehan isə qeyd edib ki, Azərbaycan bankının Türkiyə iqtisadiyyatına yatırdığı investisiyalar bu ölkəyə inamın bariz nümunəsidir. "İnvestisiyalarımız davamlı olacaq. Əsas ofisi Azərbaycanda yerləşən "PAŞA Bank"ın Türkiyən və Gürcüstanda törəmələri fəaliyyət göstərir. Beləliklə, bank bir maliyyə körpüsünə çevrilib", - deyə o əlavə edib.

Baş direktor qeyd edib ki, "PAŞA Bank" 2015-ci ildə Türkiyəyə 250 mln. lirə həcmində investisiya yatırıb: "Bizim əsas məqsədimiz institusional, ticari və investisiya bankçılığı inkişaf etdirməkdir. Ötən illə müqayisədə bu il aktivlərimiz ikiqat artıb. Qarşıdakı ildə aktivlərimizi 25% artırmaq niyyətindəyik. Təbii ki, aktivlərimizin artırılması baxımından əsas prioritet kreditləşmə olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR