Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup Qarabağ müharibəsi əlili protezlərlə təmin olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup Qarabağ müharibəsi əlili protezlərlə təmin olunub
# 25 may 2018 08:11 (UTC +04:00)

Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub. Fonda müraciət etmiş keçmiş əsgər və zabitlər ilk növbədə müayinə olunub, hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri və əmək məşğuliyyətləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər seçilib.

Fonddan APA-ya verilən məlumata görə, Qarabağ müharibəsi əlillərindən 6 nəfər “Harmony P3” aktiv vakuum sistemli protezlə, 1 nəfər “Hybrid” mikroprosessor idarəetmə sistemli transfemoral protezlə, 3 nəfər isə “BeBionic 3” əl protezi ilə təmin edilib. Bu protezlər amputasiya olunmuş hissə ilə hərəki uyğunluğu təmin edən texniki imkanlara malikdir. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat hərəkət edir.

Yüksək texnologiyalı protezlərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətini davam etdirir, bəziləri isə paralimpiya idman növləri ilə məşğul olur.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də həyata keçirilmişdi. 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabit layihə çərçivəsində yüksək texnologiyalı protezlərlə təmin edilmişdi.

Qeyd olunub ki, “Harmony P3” aktiv vakuum sistemli transtibial protez soket və dinamik karbon ayaq arasında quraşdırılan aktiv vakuum cihazı ayağın amputasiya olunmuş hissəsi sayılan güdül və soket arasında neqativ təzyiq yaradır. Bu neqativ təzyiq sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşmış olur və nəticədə ayaq protezlə bir vəhdət təşkil edir, istifadəçi protezi ayağının davamı kimi hiss edir və daha rahat addım atır.

“Hybrid” mikroprossesor idarəetmə sistemli transfemoral protez isə dizüstü amputasiyalarda geniş tətbiq olunan, Yaponiyanın “Nabtesco” şirkətinin mühəndislərinin təkmilləşdirdiyi elektronik diz oynağıdır. Mütəxəssislər dayaq-hərəkət sisteminin biomexanik xüsusiyyətlərini əsas tutaraq protezin insanın təbii hərəkətinə maksimum uyğunluğunu təmin ediblər.

“BeBionic 3” bionik transhumeral protez funksionallığı və istifadə rahatlığı baxımından dünyada geniş tətbiq olunan bionik əl protezidir. Protezdə 2 ədəd həssas elektrod sayəsində baş beyindən alınan hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə, orda işləndikdən sonra isə protezə quraşdırılmış mühərriklərə ötürülür. Bu mühərriklər hər bir barmağın sərbəst hərəkətini yaratmaqla istifadəçinin faydalana biləcəyi dəyişik hərəkətləri təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR