Naxçıvan MR Gömrük Komitəsinin sabiq sədri məhkəmədə ifadə verib

Naxçıvan MR Gömrük Komitəsinin sabiq sədri məhkəmədə ifadə verib
# 30 may 2018 13:16 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq polkovnik Sahib Şükürovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsinin sabiq sədri Telman Əliyev ifadə verib.

T. Əliyev təqsirləndirilən şəxsi tanımadığını deyib. O bildirib ki, 2017-ci ilin yanvarında telefonuna zəng gəlib və zəng edən şəxs özünü vəzifəli şəxs kimi təqdim edib: "Məndən xahiş etdi ki, bir nəfər yaşlı qadın var, həbsdədir, onu ev dustaqlığına buraxmaq lazımdır. Mən də buna görə Xətai rayon məhkəməsinə getdim, hakimlə görüşdüm. Hakim mənə dedi ki, bu qadını azad etmək mümkün deyil. Sonra geri qayıtdım, bu işlə bağlı, başqa heç nə bilmirəm".

Təqsirləndirilən şəxs S. Şükürov özünü pis hiss etdiyi üçün təcili tibbi yardım çağırılıb, məhkəmə iclasında fasilə elan olunub.

Daha sonra təqsirləndirilən S. Şükürov şahidin onu tanıdığını və yalan danışdığını deyib. S. Şükürov T. Əliyevin bu işdə birbaşa rolu olduğunu və zərərçəkmişin qızını həbsdən azad etdirməyə vəd verdiyini deyib.

Qeyd edək ki, S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, S.Şükürov ümumilikdə 800 min manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.

Sabiq polkovnik İlqar Əliyevi işə düzəltmək, Xanımbacı İsmayılovanın qızının cinayət işinə xitam veriləcəyi vədlərini verərək, onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR