Borca görə qətl törədən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə başlayıb

  Borca görə qətl törədən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə başlayıb
# 12 oktyabr 2016 11:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Rəhimov və Fuad Nurməmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V. Rəhimov 18, Fuad Nurməmmədov 17 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti verərək cəzalarının azaldılmasını istəyiblər.

Onu da qeyd edək ki, Vüsal Rəhimov Binəqədi RPİ 6-cı PB-yə müraciət edərək ötən il sentyabrın 17-də Qobu qəsəbəsində paytaxt sakini Fuad Nurməmmədova məxsus “AzSamand” markalı avtomobildə Lökbatan sakini Rahib Xəlfəyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk etməsini, cəsədin isə F.Nurməmmədov tərəfindən Pirşağı qəsəbəsi ərazisində basdırılmasını bildirib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Rəhimov və F.Nurməmmədov tutulub. R.Xəlfəyevin meyiti isə ekskumasiya edilib.

V.Rəhimov ilkin ifadəsində, R.Xəlfəyevi maşında Qobu qəsəbəsinə gətirib və onların arasında mübahisə yarandığını deyib. V.Rəhimovun dediyinə görə, Xəlfəyevin ona borcu olub. Baş vermiş münaqişə nəticəsində Rəhimov Xəlfəyevin boğazını kəsib. Daha sonra isə meyiti Fuad Nurməmmədovla birlikdə Sabunçu rayonunun Pirşağı qəsəbəsinə apararaq basdırıb.

R.Xəlfəyev Qaradağ rayon sakini olub. Onun haqqında sentyabrın 19-dan itkin düşmüş kimi axtarış elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR