“Nar bağı” filmi Brüsseldə nümayiş olunub

“Nar bağı” filmi Brüsseldə nümayiş olunub
# 19 yanvar 2018 11:42 (UTC +04:00)

Brüssel İncəsənət Sarayında (BOZAR) 2017-2018-ci illər üzrə "Şərq Tərəfdaşlığı" ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində “Bridges” film festivalının açılışı keçirilib.

Azərbaycanın Belçikadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən səfir Fuad İsgəndərov festivalın təşkilatçılarına təşəkkürünü bildirib, Azərbaycanın film sahəsində əldə etdiyi nailiyyətlərdən və mövcud ənənələrdən söhbət açıb, ailə faciəsindən bəhs edən “Nar bağı” filminin gözəl sənət nümunəsi olduğunu diqqətə çatdırıb.

Festival çərçivəsində rejissor və prodüserlərin iştirakı ilə konfrans keçirilib. Ölkəmizi konfransda təmsil edən “Nar bağı” filminin rejissoru İlqar Nəcəf Azərbaycan kinosunun tarixi, milli kinematoqrafiyamızın dirçəlişi və inkişafı barədə danışıb, kinematoqrafiyanın imkanlarından istifadə etməklə ailə dəyərlərinin, milli-mənəvi dəyərlərin gənclər arasında təbliğinin vacibliyi haqqında konfrans iştirakçılarını məlumatlandırıb.

Eyni zamanda festival çərçivəsində “Nar bağı” filmi nümayiş olunub. Filmi izləməyə Avropa İttifaqı qurumlarının nümayəndələri, eləcə də Belçikadan olan çoxsaylı tamaşaçı auditoriyası toplanıb.

Ekran əsərinin nümayişindən sonra İlqar Nəcəf tamaşaçıların suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR