Prezident: “Regionumuzda sabitliyi təmin etmək üçün NATO ilə tərəfdaşlığımızı davam etdiririk”

Prezident: “Regionumuzda sabitliyi təmin etmək üçün NATO ilə tərəfdaşlığımızı davam etdiririk”
# 23 noyabr 2017 14:26 (UTC +04:00)

“Əməkdaşlığımızın artıq yaxşı tarixi var. Azərbaycan NATO-nun bir çox əməliyyatlarında - K-4-də, İSAF-da iştirak edib. İndi isə Azərbaycan Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir. Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbiçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir. Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna töhfə verib və cənab baş katib qeyd etdiyi kimi, Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağıq”.

APA-nın məlumatına görə, bunu Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuata bəyanatında deyib.

“2004-cü ildən bəri Azərbaycan Fərdi Tərəfdaşlıq Fəaliyyət Planına qoşulub və dörd tsikli bitirib. Beşinci tsikl hazırda icra olunmaqdadır. Bu, həmçinin bizim əməkdaşlığımızın vacib elementidir. Bu gün biz, həmçinin nəqliyyat təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə etdik. Mən cənab baş katibə məlumat verdim ki, Azərbaycan öz qonşuları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını uğurla tamamlayıb. Bu, Asiya və Avropa arasında ən qısa yoldur və Əfqanıstana təchizat bu marşrut vasitəsilə daha asan və səmərəli olacaqdır. Bizim NATO ilə əməkdaşlığımızın böyük potensialı var və əməkdaşlığın tarixi bunu nümayiş etdirir. Bu gün mənim NATO-nun mənzil-qərargahına səfərim artıq altıncı səfərdir. Beləliklə, bu, əməkdaşlığımızın çox güclü olduğunu nümayiş etdirir. Biz regionumuzda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı davam etdiririk”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR