Azərbaycana qanunsuz yolla dərman gətirən İran vətəndaşı məhkəmə zalında həbs edilib

Azərbaycana qanunsuz yolla dərman gətirən İran vətəndaşı məhkəmə zalında həbs edilib
# 22 may 2018 10:01 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana qanunsuz dərmanlar gətirməkdə təqsirləndirilən İran vətəndaşları - Ghahremani Hafez və Jahani Hiveh Chi Hamidin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə prokuror vəsatət qaldıraraq, Jahani Hiveh Chi Hamidin məhkəmə zalında həbs edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib və Jahani Hiveh Chi Hamid məhkəmə zalında həbs edilib.

Məhkəmə baxışı iyunun 1-nə təyin olunub.

Qeyd edək ki, ayrı-ayrı həkim-kosmetoloqlar tərəfindən istifadə zamanı insan sağlamlığına bərpaolunmaz zərər vurmaqla əhali arasında geniş narazılığa səbəb olan saxta, mənşəyi məlum olmayan, kustar üsulla hazırlanmış, habelə dövlət qeydiyyatından keçməyən məişətdə “botoks” kimi tanınan dərman vasitələrinin və kosmetik preparatların istehsalı, satışı və idxalı barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi külli miqdarda törədildikdə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanılıb.

Jahani Hiveh Chi Hamidin yaşadığı ünvanda keçirilmiş baxış zamanı üzərində “Canotix 50 units” sözləri yazılmış və satış qiyməti 80 manat təşkil edən 52 ədəd dərman preparatı, “Canotix 100 units” sözləri yazılmış və qiyməti 110 manat təşkil edən 66 ədəd dərman vasitələri və üzərində hər hansı etiket olmayan 196 ədəd olmaqla, ümumilikdə 314 ədəd şüşə konteynerdə qablaşdırılmış dərman vasitəsi, habelə həmin qablaşdırmaların üzərinə yerləşdirmək üçün üçün istifadə olunan yapışqan etiketlər və digər bu kimi dərman preparatları aşkarlanıb.

Müəyyən edilib ki, hər iki şəxs qeyd edilən dərman vasitələrini gömrük orqanlarına bəyan etmədən ölkə ərazisinə gətiriblər. Bundan başqa, Jahani Hiveh Chi Hamid kuryer xidmətlərindən istifadə etdiyi qohumu Bakı şəhər sakini Qədirov İlqar Variş oğlunun 99-KP-072 dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobilinə baxış keçirilərkən üzərində “Canotix 50 units” sözləri yazılmış 8 ədəd və “Canotix 100 units” sözləri yazılmış 7 ədəd dərman preparatları aşkar edilərək götürülüb.

Ghahremani Hafez Habib Tehran-Bakı-Tehran marşrutu üzrə idarə etdiyi sərnişin avtobusu ilə İrandan Azərbaycana “Canotix 50 units” dərman preparatını gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq edib.

Jahani Hiveh Chi Hamid və Ghahremani Hafez Habib barəsində həbs növündə qətimkan tədbirləri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR