Direktor müavinlərinin işə qəbul forması dəyişib

Direktor müavinlərinin işə qəbul forması dəyişib
# 01 iyun 2018 14:57 (UTC +04:00)

“Direktor müavinlərinin işə qəbulu ilə bağlı edilən dəyişikliyə əsasən, bu, iki formada həyata keçiriləcək. Birinci, hazırda ümumi təhsil müəssisələrində işləyən müəllimlər vəzifədə yüksəliş yolu ilə direktor müavini olmalıdır”.

APA-nın xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə “Azərbaycan müəllimi” qəzetinə müsahibəsi zamanı deyib.

O bildirib ki, ən az 3 il müəllim işləyən, pedaqoji istiqamət üzrə ali təhsil alan və müəllim kimi fəaliyyət göstərən şəxs direktor müavini seçilə bilər: “Yəni, direktor müavinləri yalnız işləyən müəllimlərdən seçilir. Müəllim işləmiş, sonradan başqa işə keçmiş şəxslərin direktor müavini götürülməsi nəzərdə tutulmur. Bu da sosial lift effekti yaradır. İnsanların vəzifədə yüksəlməsi üçün əlavə imkan deməkdir. Dəyişiklik neçə illərdir işləyən və vəzifədə yüksəliş gözləyənlərin kənarda qalmasının qarşısını alacaq”.

M. Camalzadə qeyd edib ki, direktor müavini seçməyin ikinci yolu isə müsabiqə yoludur: “Təhsil Nazirliyinin razılığı əsasında yerli təhsili idarəetmə orqanları mərkəzləşdirilmiş qaydada proqram təminatından istifadə edərək müsabiqə keçirə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR