Hindistandan İran, Azərbaycan və Rusiyaya avtoyürüş təşkil ediləcək

Hindistandan İran, Azərbaycan və Rusiyaya avtoyürüş təşkil ediləcək
# 01 may 2018 14:41 (UTC +04:00)

Hindistan Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi (BŞCND) marşrutunun tanıdılması məqsədilə mayda İrana, Azərbaycana və Rusiyaya böyük avtoyürüş təşkil edəcək.


APA-nın xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana keçirdiyi mətbuat konfransında deyib.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin Hindistanı İran, Rusiya və Azərbaycan vasitəsilə Şimali Avropa ilə birləşdirdiyini vurğulayan səfir bildirib ki, bu avtoyürüşün keçirilməsində məqsəd həmin marşrutun üzv ölkələr arasında tanıdılmasıdır.

S. Rana deyib ki, avtoyürüş 28 aprel tarixində Hindistandan Bəndər Abbasa dəniz yolu ilə çatmış “Kalinga” Avtomobil İdmanı Klubuna məxsus 20 ədəd Hindistan yürüş avtomobilləri vasitəsilə həyata keçiriləcək. Hindistan, Azərbaycan, İran və Rusiyadan olan sürücülər tərəfindən idarə olunacaq avtomobillər mayın 4-də Azərbaycanın Astara sərhədinə çatmaq üçün Şimal-Cənub dəhlizi boyunca İran ərazisindən keçəcəklər.

Azərbaycan ərazisində BŞCND avtoyürüşü mayın 5-də Lənkərandan start götürəcək və Şimal-Cənub dəhlizi ilə hərəkət edərək Bakıya çatacaq. Avtoyürüş mayın 7-də Rusiyaya yola salınacaq və Sankt-Peterburqa üz tutacaq. Oradan qayıdarkən avtoyürüş 25-27 may tarixlərində yenidən Azərbaycan ərazisindən keçəcək. Avtoyürüş həmçinin Hindistan və İranın birgə inkişaf etdirdiyi yeni Çanbahar limanına da gedəcək. Avtoyürüşün İran, Azərbaycan və Rusiyaya səyahəti 10 min km məsafəni əhatə edir.

Səfir bildirib ki, avtoyürüş tərəfdaş ölkələr tərəfindən Beynəlxalq Şimal- Cənub Nəqliyyat Dəhlizi infrastrukturunun davam edən inkişafını vurğulayacaq. Bu marşrut Hindistan və Avrasiya regionu arasında birbaşa nəqliyyat əlaqəsinin olmaması probleminə ünvanlanacaq. S. Rananın sözlərinə görə, yeni marşrutun mövcud gəmi marşrutundan daha qısa, tez və ucuz olması təsdiqlənib: “İrandakı Bəndər Abbas və Çanbahar limanı ilə Bakı vasitəsilə Mumbaydan Moskvaya olan marşrut mövcud dəniz yolundan daha ucuz və 40 faiz qısa olacaq. Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi infrastrukturunun inkişafı yalnız üzv ölkələr üçün deyil, həm də bütün region üçün biznes potensialının genişləndirilməsi və yeni ticarət və investisiya imkanlarının yaradılması baxımından çox faydalı olacaq. Azərbaycan da bu marşrutun həyata keçirilməsi üçün böyük səylər göstərir. Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzi olmaqla, bu dəhliz üçün də qovşaq rolunu oynayır".

Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə ilkin olaraq il ərzində 6 milyon ton yük daşınması nəzərdə tutulub. Ancaq növbəti illərdə həcmin artırılması planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR