Dövlət Komitəsi uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşıdır

Dövlət Komitəsi uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşıdır
# 03 oktyabr 2017 14:03 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) uşaqların məcburi şəkildə dini mərasimlərdə iştirakına qarşıdır.

Bu barədə APA-ya Dövlət Komitəsindən daxil olan məlumatda deyilir.

Məlumatda bildirilib ki, bu məsələ ilə bağlı milli qanunvericilikdə boşluqlar olduğu nəzərə alınaraq, valideyn məsuliyyəti artırılmalı və beynəlxalq konvensiyalara əsasən qanunvericilikdə dəyişiklər edilməlidir: “Azərbaycan prezidentinin 1 iyun 2016-cı il tarixli, 2074 nömrəli sərəncamına əsasən Komitə tərəfindən “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsi uşaqların zərərli informasiyadan qorunması, ölkə ərazisində informasiya məhsullarının yayılması ilə bağlı münasibətləri tənzimləyir. Uşaqların onlara zərər vuran informasiyadan qorunması üçün bu sahəyə dövlət nəzarətinin olması vacibdir. Yuxarıdakıları nəzərə alaraq, qanun layihəsinin qəbul edilməsi, həmçinin kütləvi mərasimlərin təşkili zamanı uşaqların mənafeyinin üstün tutulması prinsipinə riayət olunmasına imkan verəcək. Qanun layihəsi Komitə tərəfindən Prezident Administrasiyasına təqdim edilib. Yaxın vaxtlarda qanun layihəsinin Milli Məclisdə müzakirəsi gözlənilir”.

Məlumatda qeyd olunub ki, son günlər uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı mətbuatda müzakirələr aparılır: “Mətbuatda Dövlət Komitəsinin bu məsələ ilə bağlı məlumatı düzgün şərh edilməyib. Azərbaycan konstitusiyanın 7-ci maddəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Azərbaycan konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının müdafiəsi sistemi çərçivəsində təhsildən yayınma və sağlamlığına zərər vurma hərəkətlərin qarşısının alınması məqsədilə dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Uşaqların sağlamlığa zərər vuran hərəkətlərin edilməsi yolverilməzdir və bu birbaşa Uşaq Hüquqları Konvensiyasının pozulmasıdır. Həmin maddəyə əsasən uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. Əks halda qanun pozuntusu qeydiyyata aldığı andan valideynlər öz hüquqlarında məhdudlaşa və ya ümumiyyətlə, valideyn hüquqları ləğv edilə bilər”.

“Azərbaycan respublikasının ali qanununa, ölkə tərəfindən qoşulan beynəlxalq konvensiyalara əsasən uşaqlara qarşı zorakılıq və ayrı-seçkilik yolverilməzdir. Dövlət Komitəsi müvafiq dövlət qurumları ilə birgə, xüsusilə də yanlış stereotipləri aradan qaldırılması sahəsi üzrə maarifləndirmənin gücləndirməsi istiqamətində iş aparır, risk altında olan ailələri hüquqşünaslarla və psixoloqlarla təmin edir, məktəblərdə və ali təhsil ocaqlarında müvafiq təlim-tədris proqramlarını keçirir. Hazırda Komitənin regional mərkəzləri tərəfindən maarifləndirmə işləri gücləndirilir. Müasir Azərbaycanda uşaqları onların sağlamlığına və inkişafına mənfi təsir edə biləcək kütləvi tədbirlərə cəlb edilməsi yolverilməzdir. Dövlət Komitəsi valideynlərin bu məsələyə məsuliyyətlə yanaşmağa çağırır”, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR