Qırğızıstanlı nazir: “Türk Şurasında əməkdaşlıq əvvəlki səviyyədə davam edəcək”

Qırğızıstanlı nazir: “Türk Şurasında əməkdaşlıq əvvəlki səviyyədə davam edəcək”
# 11 avqust 2017 06:33 (UTC +04:00)

Ötən gün İstanbulda Manas heykəlinin açılış mərasimi keçirilib. Mərasimdən sonra Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Tugelbay Kazakov APA-ya müsahibə verib:

- Qırğızıstan ilə Türkiyə arasında yaşanan soyuqluğa görə, Türk Şurasının keçən ilin payızında Bişkekdə keçirilməsi planlaşdırılan Zirvə toplantısı keçirilməmişdi. Baş nazirinizin böyük heyətlə Ankaraya, daha sonra İstanbula gəlməsi ilə problem aradan qaldırıla bildimi?

- Baş nazirimizin rəhbərliyi altında Türkiyənin yüksək səviyyəli rəsmi nümayəndələri ilə keçirilən görüşlərdə istər iki ölkə arasındakı münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıqda heç bir problem qalmadı. Bunun nəticəsində Türk Şurasının keçən ilin payızında keçirməyə müvəffəq olmadığımız Zirvə toplantısı bu il keçiriləcək.

- Türk Şurası qarşıya qoyduğu əsas hədəfin yeni “İpək yolu”nun canlandırılması olduğunu bəyan edir. Bu sahədə hansı işlər görülüb?

- Bir çox ölkə “İpək yolu”nun öz nəzarətində olmasına iddialıdır. Çin, Hindistan, İran... Ona görə də bu işlə təkcə Türk Şurası maraqlanmır və məşğul olmur. Maraqlıdır ki, bütün ölkələr “İpək yolu” layihəsindən danışarkən çalışır ki, o biri ölkələr bu layihədən kənarda qalsın, yəni, “İpək yolu” o biri ölkələrdən keçmədən Avropaya çatsın. Türk Şurası da öz güc və imkanları daxilində bu layihənin reallaşmasına çalışır. Hələ ki, konkret nəticələr əldə etməkdən danışmaq tezdir.

-Bir neçə aydan sonra seçki keçirəcəksiniz. Seçki ərəfəsindəki vəziyyəti necə dəyərləndirərdiniz?

- Prezident seçkisini demokratik atmosferdə keçirməyə çalışırıq. Məncə, indiyə qədər ölkəmizdə baş vermiş çalxantılar bizim seçki və demokratiya təcrübəsi qazanmağımıza kömək edib. O mitinqlər, o qarışıqlıqlar bizim seçkiləri şəffaf demokratik mühitdə keçirməyimizə kömək etdi.

- Yəni, demək istəyirsiniz ki, demokratik dəyərlər müəyyən çalxantılardan sonra öz yerini tapır, səhv anlamadım ki?

- Ölkəmizdə baş vermiş qarışıqlıqlar, çalxantılar hamının ağlını başına gətirdi və biz öyrəndik ki, demokratiya şəraitində şəffaf seçki keçirmək ən doğru yoldur. İndi mən sizi əmin edə bilərəm ki, yaxın gələcəkdə keçirəcəyimiz prezident seçkisi 90-95% dünyanın demokratiya standartlarına uyğun olacaq. Bu sahədə yaxşı təcrübə qazandığımızı deyə bilərəm.

- Prezidentiniz cənab Atambayev bu seçkidə namizəd deyil. Müddəti başa çatana qədər onun Türkiyəyə vida səfərinə gələcəyini düşünürsünüzmü?

- Bu barədə mənim məlumatım yoxdur. Ancaq bunu deyə bilərəm ki, cənab prezident Türkiyəni çox sevir, buranı öz vətənimiz hesab edir. O, prezidentliyi müddətində olduğu kimi, vəzifəsindən ayrılandan sonra da həmişə Türkiyəni sevəcək. Çünki biz eyni millətin övladlarıyıq. Bu gün burada açdığımız Manas heykəli də qardaşlığımızın simvoludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR