Zakir Qaralov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələrini qəbul edib

Zakir Qaralov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələrini qəbul edib
# 25 oktyabr 2017 16:19 (UTC +04:00)

Bakıda keçirilən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) Hüquq Mühafizə Orqanları Şəbəkəsinin 8-ci görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan OECD Katibliyinin Antikorrupsiya məsələləri üzrə baş müşaviri Olqa Savran və Hüquq Mühafizə Orqanları Şəbəkəsinin katibi Anka Yurma Baş Prokurorluqda olublar.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqları qəbul edən Baş prokuror Zakir Qaralov Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə uğurla həyata keçirilən məhkəmə hüquq islahatları, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş qanunverici və institusional tədbirlər, “ASAN” xidmət mərkəzləri və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə ətraflı məlumat verib, OECD ilə səmərəli əməkdaşlığın verdiyi töhfələrin önəmini vurğulayıb.

Xüsusi olaraq bui ilin 12-13 sentyabr tarixlərində Paris şəhərində keçirilmiş OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının görüşündə baş tutmuş müzakirələr nəticəsində ölkəmizə qurumun IV Monitorinq Raund Hesabatı üzrə ünvanlanmış tövsiyələrin böyük əksəriyyətinin uğurla icra edilməsinin qeyd edilməsi vurğulanıb.

Qəbula görə minnətdarlıqlarını bildirən qonaqlar Azərbaycanın maliyyə dəstəyi ilə 20-dən artıq ölkənin 70-ə yaxın korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlarının nümayəndələrinin və beynəlxalq ekspertlərin iştirak etdiyi tədbirin yüksək peşəkarlıqla təşkil olunmasına görə öz təşəkkürlərini bildiriblər.

OECD nümayəndələri Azərbaycanın qurumun Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsi ilə uğurlu əməkdaşlığını, tövsiyələrin icrası istiqamətində göstərdiyi təşəbbüskarlığı qeyd etməklə səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə edib.

Görüşdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının ekspert qismində digər ölkələrin fəaliyyətinin dəyərləndirilməsinə cəlb edilməsi xüsusi olaraq qeyd edilib, qarşılıqlı əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR