I rübdə torpaqlardan istifadə ilə bağlı 141 hal üzrə inzibati protokollar tərtib edilib

I rübdə torpaqlardan istifadə ilə bağlı 141 hal üzrə inzibati protokollar tərtib edilib
# 07 may 2018 10:09 (UTC +04:00)

Bu ilin ilk rübündə torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, torpaqların əsassız zəbt olunması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 141 hal üzrə inzibati protokollar tərtib edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə məlumat verilib.

Müşavirədə bildirilib ki, ümumilikdə indiyədək, 2472 inzibati protokol tətbiq edilib. Hesabat dövründə Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 46 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub.

Kənd təsərrüfatı məqsədi ilə (əkinçilik və heyvandarlıq) torpaq sahələrinin hüquqi və fiziki şəxslərə icarəyə verilməsi barədə 116 müraciət üzrə 18 min hektar torpaq sahəsinin icarəyə verilməsinə müsbət rəy verilib. 2584 hektar bələdiyyə torpaqlarından 1603 hektarı müsabiqə və ya hərraclar vasitəsilə icarəyə verilib.

2018-ci ilin ilk rübündə ölkə üzrə 50 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb: "Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz çoxdur. Aparılan ilkin qeydiyyat isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artıb".

Bu ilin yanvar-mart aylarında 45 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR