Əmək Nazirliyinə şikayətlərin sayı 5,2 dəfə azalıb

Əmək Nazirliyinə şikayətlərin sayı 5,2 dəfə azalıb
# 14 aprel 2017 09:08 (UTC +04:00)

Bu ilin birinci rübü ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət məzmunlu müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 dəfə azalaraq 477-dən 91-ə enib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, belə müraciətlərdə azalma dinamikası xüsusən sosial təminat və əlillik təyinatı məsələlərinə aid olub. Şikayət xarakterli müraciətlərin sayı sosial təminat məsələləri ilə bağlı 6,4 dəfə (412-dən 64-ə enib), əlillik məsələləri ilə əlaqədar 15 dəfə (60-dan 4-ə enib) azalıb.

“Bunun əsasında isə hər iki sahədə əhaliyə xidmətlərin heç bir subyektiv amil olmadan yalnız Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) və Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS), eləcə də avtomatlaşdırılmış sığorta-pensiya sistemi vasitəsilə elektron müstəvidə təqdim olunmasıdır. Hazırda VEMTAS vasitəsilə sosial yardım üçün müraciət edilməsi, müraciətlərə baxılması və yardım təyin olunub-olunmaması ilə bağlı qərar qəbulu bütünlüklə onlayn rejimdə həyata keçirilir. Əlilliyin və sağlamlıq imkanları məhdudluğun qiymətləndirilməsi artıq əyani tibbi-sosial ekspertiza müayinələri əsasında deyil, TSERAS tərəfindən elektron qaydada ekspert-vətəndaş təması olmadan həyata keçirilir. Həmçinin əmək və sığorta-pensiya münasibətlərində geniş elektron xidmətlər vətəndaşların istifadəsindədir. Göründüyü kimi, həmin sistemlərin yaradılaraq işə salınması cəmiyyət üçün aktual olan və bu səbəbdən geniş əhali kontingenti ilə sıx ünsiyyətin mövcud olduğu sosial yardım və əlillik təyinatı sahələrində xidmətlərdən məmur-vətəndaş təmasları mümkün olmadan obyektiv və tam şəffaf şəraitdə istifadə prosesini reallaşdırıb. Nəticədə, həmin sistemlərə ictimai inam formalaşıb”, - deyə məlumatda vurğulanıb.

Bu ilin ilk rübündə “Elektron hökumət” portalı vasitəsilə nazirliyin elektron xidmətlərinə 2 milyon 607 min dəfə müraciət olunub ki, bu da ölkə üzrə bu portal vasitəsi ilə bütün elektron xidmətlərdən istifadənin 52,6%-ni təşkil edir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olan müraciətlərin ümumi sayında mütəmadi azalma dinamikası davam edir. Cari ilin yanvar-mart aylarında vətəndaşlar tərəfindən nazirliyə ünvanlanan müraciətlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 32 faiz azalaraq 13 702-yə enib. O cümlədən sosial təminat məsələlərinə dair müraciətlərin sayında 41 faiz, tibbi-sosial ekspertiza və reabilitasiya məsələlərinə dair müraciətlərin sayında 13 faiz, məşğulluq məsələlərinə dair müraciətlərin sayında 15 faiz, əmək qanunvericiliyinə dair müraciətlərin sayında 36 faiz azalma qeydə alınıb”.

Nazirlikdən bildirilib ki, daxil olan müraciətlərin böyük əksəriyyətində vətəndaşların əmək, sosial təminat, məşğulluq, əmək qanunvericiliyi ilə əlaqədar sorğuları ifadə olunub. Hər bir belə müraciətin vətəndaşlar üçün dolğun şəkildə cavablandırılması, qanunvericiliyin müvafiq bəndlərinin, habelə elektron xidmətlərdən istifadənin texniki prosedurlarının aydın şəkildə izah olunması, eyni zamanda şikayət xarakterli müraciətlərin hər birinin diqqətlə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR