Çin hökuməti Bakı Limanına 3,9 mln. dollarlıq avadanlıq verib

Çin hökuməti Bakı Limanına 3,9 mln. dollarlıq avadanlıq verib
# 04 aprel 2018 10:09 (UTC +04:00)

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Əsas Yük Terminalında Çinin İqtisadi və Texniki Mübadilə üzrə Beynəlxalq Mərkəzinin təqdim etdiyi 34 ədəd liman yükqaldırıcı və yüknəqledici avadanlıqlarının təqdimat mərasimi keçirilib.

APA-Economics”in məlumatına görə, ümumi dəyəri 3 mln. 867 min dollar həcmində olan avadanlıqlar Azərbaycan və Çin hökuməti arasında imzalanan qrant müqaviləsi əsasında Bakı Limanına təqdim olunub. Onların sırasında 16-sı 1,5 tondan 20 tona qədər yük aşıra bilən avtoyükləyicilər, 2 ədədi 45 tonluq teleskopik konteyner yükləyicisi, 3 ədədi 30 tonluq traktor üçün qoşqu, 1 ədədi 220 tonluq çətin relyefli kran və sair avadanlıqlar daxildir. Ümumiyyətlə, indiyədək Çin Azərbaycana 70 mln. dollar həcmində qrant ayırıb.

Tədbirin açılış mərasimində çıxış edən Baş nazirin müavini Abid Şərifov qeyd edib ki, 26 illik diplomatik əlaqələrə malik Çinlə Azərbaycan keçən il ən böyük ticarət dövriyyəsinə imza atıblar. Belə ki, 1,2 mlrd. dollara çatan ticarət əlaqələri bundan sonra da inamla artacaq: “Bu gün Çin hökumətinin təqdim etdiyi yeni texnika bütün növ və istənilən çəkidə yüklərin – konteyner və açıq yüklərin aşırılmasında Bakı Limanının işini həm sürətləndirəcək, həm də rahatlaşdıracaq. Hesab edirik ki, Çin hökumətinin bu hədiyyəsi eyni zamanda Azərbaycanın strateji “Bir kəmər, Bir Yol” layihəsində oynadığı mühüm rola verilən bir dəyərdir”.

Çinin Azərbaycandakı səfiri Vey Cinhua vurğulayıb ki, son illər iki ölkə rəhbərliyi arasında mütəmadi səfərlərin baş tutması, əməkdaşlığa dair bir çox sənədlərin imzalanması iki ölkə münasibətlərinin inkişaf xəttini müəyyənləşdirib. Səfir bildirib ki, Çin tərəfi Azərbaycanın Avrasiya nəqliyyat qovşağında xüsusi üstünlüklərə malik olmasına diqqət verir və Çin şirkətlərinin Azərbaycan tərəfi ilə nəqliyyat və logistika sayəsində əməkdaşlığa dəstək verir: “Bu gün Bakı Limanına təqdim olunan avadanlıqlar Azərbaycanın yük qəbuletmə potensialını daha da artıracaq, regionda ticarət və logistika mərkəzi rolunu möhkəmlədəcək”.

Səfir 2018-ci ilin 8-11 may tarixlərində ilk dəfə Bakı şəhərində keçiriləcək Dünya Limanları Konfransının əhəmiyyətini vurğulayıb və bildirib ki, gələn il eyni tədbir Çinin Quanjou Limanında baş tutacaq.

Bakı Limanının baş direktoru Taleh Ziyadov qurumun əməliyyat sistemi, tətbiq olunan ən son texnoloji həllər barədə qonaqlara məlumat verib. T. Ziyadov vurğulayıb ki, “Bir Kəmər Bir Yol” layihəsinin Azərbaycandan keçən Orta Dəhlizin inkişafı daha çox Çin şirkətinin yeni Bakı Limanının xidmətlərindən istifadəsini zəruri edəcək. Eyni zamanda, bu gün təqdim olunan texnika da limanın yükdaşıma əməliyyatlarının effektivliyini artıracaq.

Daha sonra yeni texnikaların təhvil-təslim edilməsi ilə bağlı aktı Baş nazirin müavini Abid Şərifov və Çinin ölkəmizdəki səfiri Vey Cinhua imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR