"PAŞA Bank" səhmdarlarına 58 mln. manat dividend ödəyib

"PAŞA Bank" səhmdarlarına 58 mln. manat dividend ödəyib
# 04 oktyabr 2017 08:36 (UTC +04:00)

"PAŞA Bank" ASC 2016-cı ilin yekunlarına əsasən səhmdarlarına 58 mln. manat məbləğində dividend ödəyib.

"APA-Economics" xəbər verir ki, bunu bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva deyib.


"Cari ilin ilk yarısının sonuna bankın kapitalı 476,854 mln. manat təşkil edib. Ötən ilin sonuna isə kapitalımız 487,266 mln. manat idi. Səhmdarlarımıza 58 mln. manat məbləğində dividend ödəmişik. Kapitalımızdakı 2%-lik azalmanın səbəbi də budur", - deyə xanım bankir qeyd edib.

X. Nağıyeva deyib ki, bankın maliyyə göstəriciləri sabitdir: "Maliyyə göstəricilərimizdə heç bir kəskin yüksəliş və azalma müşahidə olunmayıb".

O qeyd edib ki, cari ilin ilk yarısında bankın aktivləri 3,614 mlrd. manat təşkil edib və ötən ilin yekunu ilə müqayisədə 10% artıb. "Bizim əsasən fəaliyyətimiz kredit portfeli ətrafında cəmləşib. Kredit portfelində də artım müşahidə olunub. Bu isə əsasən Azərbaycandakı portfelimizin payına düşür. Bizim əsas gəlirimiz kredit portfelindən olduğuna görə, aktivlərimizi diversifikasiya etmək niyyətindəyik. Bununla əlaqədar qiymətli kağızlara da yatırım etməyi düşünürük. Lakin təəssüf ki, bazarda alətlər məhduddur. Buna görə də xarici bazara çıxmaqla bu diversifikasiyaya nail olacağıq. Amma yenə də bunların həcmi kredit portfelinin həcmindən az olacaq", - deyə baş maliyyə inzibatçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR